Futbolçunun uzun müddət sabit oyun sərgiləməsi onu komandasının əsas simalarından birinə çevirir. Legionerin azarkeşlərin sevimlisi adını qazandığını da çox görmüşük. Bəzən isə yaxşı başlayan oyunçunun çıxışında eniş yaşanır və beləsi tədricən lazımsızlaşır. Sonda ya komandadan gedir, ya da gününü ehtiyyat oyunçular skamyasında, əvəzedici komandada keçirməklə başqalarının kölgəsində qalır. Premyer-liqanın 12 turundan sonra ötənmövsümkü “çəkisini” itirmiş gəlmələrin bir neçəsini yada salmaq yerinə düşər.
Marius Pena
Rumın forvard zolaqlı formada çıxdığı ilk oyundan səviyyəli hücumçu olduğunu isbatlamağı bacarmışdı. Yaya qədər “Bakı”nın rəqiblərinə başağrı olan Mariusun 2013/14 “futbol ili”nə yeni çalışdırıcı ilə başlayan paytaxt təmsilçisinin əsas simalarından biri olaraq qalacağına şübhə edən az idi. Ancaq “Qarabağ”ı “Bakı”ya dəyişən Rauf Əliyevin rəqabətdə Penaya uduzacağını, sözügedən yerli forvardın yalnız Milinko Pantiç ikihücumçulu taktiki düzümə bel bağlayacağı halda start heyətində görünəcəyini söyləyənlər yanıldı. İlk turlarda şansını gözləyən Əliyev inamlı oyunla rumını ehtiyata göndərdi. Ağdam komandasında da çiyin-çiyinə oynadığı Əfran İsmayılovla yaxşı tandem təşkil edən (“zolaqlılar”ın vurduğu 21 qolun 10-a bu iki futbolçu imza atıb) Raufun bu gedişlə yerini kiməsə verməyəcəyi məlumdu. Ödənişli legioner bu gün əvəzləyici oyunçu statusunu daşıyır.
Adrian Pits
Sabiq “Roma”lını ölkəmizə gəlib-getmiş ən səviyyəli əcnəbilərdən biri adlandırmaq yerinə düşər. Mirça Rednik dönəmində Azərbaycana təşrif buyuran Adrian Yuniz Hüseynovun qısa “hakimiyyət”i dövründə də “gəmiçilər”in simasını müəyyənləşdirən futbolçulardan idi. Uelsli çalışdırıcı Con Toşakla ulduzu barışmayan Adrian hazırda əvəzedici komandadadı. Zaman “Xəzər Lənkəran”ın uğursuzluğunun səbəbinin Pits olmadığını, Toşakın oyun fəlsəfəsinin özünü doğrultmadığını isbatlayıb. Klub rəhbərliyinin yeni iş yeri tapa bilmədiyi rumın yarımmüdafiəçi başını girləyib maaşını alır.
Deyan Kelhar
Yuri Syominin “Qəbələ”nin “sükanı arxası”na gəlişindən sonra Sloveniya millisinin müdafiəçisi “11-lik”dəki yerini itirdi. “Arxa cəbhə”nin sol cinahında inamlı oyunu ilə seçilən Kelhar Nikola Valentiçin necə oynadığına tamaşa etməklə kifayətlənir. Əlbəttə, yığma üzvü üçün işlərin belə axarla getməsi milli karyerası baxımından da yaxşı nəsə vəd etmir. Deyan ya müqaviləsini qarşılıqlı razılıq əsasında pozub getməli, ya da futboldakı gələcəyini təhlükə altında qoyub durumla barışmalıdı.
Kristian Pulhak
Syominin “qara siyahı”sına düşənlərdən biri də Pulhakdı. Vladimir Levin və Elnur Allahverdiyev kimi yerlilərin möhkəmləndiyi müdafiə xəttində Kristiana yer tapılmayacağı yaydan məlumdu. 12 il Buxarest “Dinamo”sunun şərəfini qorumuş futbolçu əvəzedici komandada top qovan gənclərə yoldaşdı. Xidmətində maraqlı olan başqa klub yoxdusa, deməli, müqaviləsinin müddəti bitənədək məvacibini alacaq.
Junor Vilson
8 nömrəli futbolkanı geyən, ağıllı oyunu, dəqiq zərbələri ilə neytral azarkeşlərin də rəğbətini qaznan Vilsonun “yoxa çıxması”nda baş məşqçiləri əlcək kimi dəyişən “Bakı” rəhbərliyinin günahı az deyil. Bu gün paytaxt komandasında ondan daha yaxşılarının oynadığını önə çəkmək yersiz alınar. Sadəcə, Pantiç oyun praktikasını itirib formadan düşən braziliyalıya komandada yer tapmır.
Edin Nuredinoski
Makedoniyalı qapıçı da Pantiçin “qurbanları”ndandı. Düzdü Kamran Ağayev paytaxt komandasına transfer ediləndə Edinin ehtiyatda daha çox vaxt keçirmək ehtimalı artdı. Amma serb çalışdırıcı Ağayev zədəli olduğu dönəmdə Nuredinoskiyə heç ikinci qapıçı qismində güvənmədiyini də ortaya qoydu. Aqil Məmmədov və Elxan Əhmədovun xidmətindən faydalanmağı üstün tutan baş məşqçi onun adını “18-liy”ə salmırsa, əlavə şərhə ehtiyac yoxdu.
Miro Varvodiç
“Qarabağ”ın xorvat qapıçısı 2012/13 mövsümündə olduğu kimi yaydakı Avropa macərası zamanı da əsas qolkiper funksiyasını yerinə yetirirdi. Cari mövsüm Fərhada güvənən Qurban Qurbanovun bosniya və hersoqovinalı İbrahim Sehiçi heyətə cəlb etməsi isə ciddi siqnal idi. Budu, Mironun adına son iki çempionat oyununun protokolunda rast gəlmirik.
"Futbol+"