Mirbağır İsayev: "Mərhələ adlamasaydıq, istefa verəcəkdim"

Mirbağır İsayev: "Mərhələ adlamasaydıq, istefa verəcəkdim"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevin müsahibəsi

 

- Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı təəssüratlarınız necədi?

- Komandamızın Avropa çempionatının elit-raunduna vəsiqə qazanmasına görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında işə başlayarkən AFFA-nın Texniki direktoru Bernhard Lippert sual verdi ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib məsələ inamdı. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu da ilk növbədə futbolçularda xarakterin olması sayəsində baş verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.

 

- Keçirdiyiniz hər 3 oyunu şərh edə bilərsinizmi?

- İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Atletik baxımdan çox güclü idilər. Futbolçularının əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər. İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq. Oyundan əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları, sarı vərələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik vardı. Uşaqları psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Hesabda yenə geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdü, ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadı. Əsas odu ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın əziyyətinin bəhrəsidi. 6 il idi bu nəticəni gözləyirdik.

 

- Futbolçular təxminən 10 ay sizin rəhbərliyinin altında toplanışlarda oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan istədiyinizi oyunu, mübarizliyi ala bildinizmi?

- Turnirə böyük itkilərlə getmişdik, 7-8 futbolçumuz yox idi. Zədə və digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid İbadov, David Dadaşov, Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər futbolçunun yoxluğu böyük itki idi. Ancaq sevindirici haldı ki, seçim imkanımız vardı. Bunu da təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir ki, futbolçuları tam yoxlaya bilsin.  Seçmə mərhələdə heç-heçə etdiyimiz Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə uduzmuşduq. Ancaq həmin oyunda biz Hacıağa Hacıyevi qazandıq və bu gün o, komandanın kapitanıdı. Əziyyətinin, zəhmətinin hesabına buna nail oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.

 

- Maraqlıdı ki, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?

- Çünki o, tapıntı idi. Bakıdakı və Xorvatiyadakı son toplanışlarda bütün qapıçıları yoxladıq. Bəziləri zədən səbəbindən komandaya qoşula bilmədilər.

 

- Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda çıxış edən futbolçulardı. Sizcə, bu seçim həmin liqalardakı futbolçuları stimullaşdıracaqmı?

- Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Bediyev isə Gürcüstanda çıxış edir. Qalanları öz klublarımızda oynayırlar. Bu onu göstərir ki, material var, sadəcə, işləmək lazımdı. Nizam-intizam ön planda olmalıdı. Seçmə mərhələyə qədər 10 ayda ərzindəki oyunların nəticələri vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi oyunlardı. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdı. Bir faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə, onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki ünsiyyət qurmaq üçün bu vacibdi.

 

- Elit-raunda hazırlıqla bağlı planınız hazırdırmı?

- Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdi. Çünki müqaviləm başa çatıb. Təklif olsa, danışacağıq.

affa.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər