DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 11 top buraxmaq necə göstəricidi? Suala cavab tapmağa çalışaq:
“Azərbaycan yığmasının qapısından topu 11 filan nömrəli oyunçu filankəsov filankəs keçirdi” elanını eşitməkdən təngə gələnlər yəqin mərkəzi arenanın dəyişməz diktorunun səsinin tonunu ölənədək unutmayacaq... Doğurdan da gerçək tərəfdarın millinin hər “yediyi” qolu ürək ağrısı, məyusluq və qəzəblə qarşıladığını hamımız bilirik.
Qapısından “torba-torba” qol buraxmasına əvvəllər adət etdiyimiz komanda müdafiə planında xeyli “artırıb”. Keçirdiyi görüşlərin 9-da fasiləyədək topu tordan çıxarmayan yığmanın qapıçısı Kamran Ağayevin uğurlu seyvləri bu baxımdan həlledici əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, bu gün Şotlandiya(12), Uels (20), Makedoniya (16), Danimarka (12), Ermənistan (13), Malta (28), İsveç (14), İrlandiya (17), Qazaxıstan (21), Farer adaları (29), Rumıniya (12), Macarıstan (20), Estoniya(20), Andorra (30), İslandiya (15), Norveç(13), Cənubi Kipr (15), İsrail (14), Şimali İrlandiya (17), Lüksemburq (26), Latviya (20), Lixtenşteyn (25), Çernoqoriya (17), Polşa (12), Moldova (17), San Marino (54) və Belarus (16) müdafiədə etibarlı oyun baxımından bizimkilərdən geri qalır. Serbiya, Sloveniya, Albaniya və Litvanın da 11 dəfə oyuna mərkəzdən başladığını xatırlatmaq yerinə düşər.
Fanat.az