İtirməyək Şəhriyarı

İtirməyək Şəhriyarı

Kişi şahmatçılar arasında FIDE Qran Prisinin 3-cü mərhələsi başa çatdı. Fanat.az xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı qrossmeysterlər - Teymur Rcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə əlavə əmsallara görə 7-ci yeri tutublar.

Bu nəticələrdən sonra Məmmədyarov Qran Pri-dəki ümumi xal ehtiyatını 235-ə çatdırıb. Hazırda o, 2-ci pillədə qərarlaşsa da, böyük ehtimalla iddiaçıların turnirinə vəsiqə verən ilk yerdən birini tuta bilməyəcək. Buna səbəb əsas rəqiblərindən fərqli olaraq, Şəhriyarın 3 mərhələinin hər birində iştirak etməsidi.

Məhz bu səbəbdən də həmyerlimiz Tiflis mərhələsində qeyri-sabit çıxışla yadda qaldı. İlk 5 turun hər birində Şəhriyarın partiyalarının məhsuldar alınması da məhz yekun cədvələ hesablanmış risk idi. Romantik şahmatla dünyada ad qazanan Məmmədyarov bu turnirdə fantastik oyun ortaya qoydu. Bəli, nəticələr ürəkaçan olmadı. Ancaq onun keçirdiyi partiyalara nəzər saldıqda (Teymur Rəcəbovla oyun istisna təşkil etmişdi), heyran qalmamaq olmur. Ülgücün ucu ilə gəzməyi sevən həmyerlimiz üçün turnirdən qopma nöqtəsi 4 və 5-ci turda aldığı məğlubiyyətlər oldu. Əvvəlcə o, rusiyalı Yevgeni Tomaşevskiyə uduzdu, ardınca isə gürcü Baadur Cobavadan məğlubiyyət aldı. Bundan sonra Şəhriyar toparlana bilmədi. Qarşıda hələ xeyli tur qalsa da, aydın idi ki, Tomaşevskiyə çatmaq mümkün olmayacaq.

Vüqar Həşimovun vəfatından sonra ölkəmizdə tək fenomen qalıb - Şəhriyar Məmmədyarov. Yalnız o, dünya şahmat Tacını Azərbaycana gətirmək gücünə malikdi. Ancaq bunun üçün elitar məşqçilərlə işləmək gərəkdi. Azərbaycan Şahmat Federasiyası üzdə istedadlı dərin zəka ustasına sahib durduğunu bildirsə də, əslində heç vaxt Məmmədyarova lazımı dəstək göstərməyib.

Müxtəlif idman növlərində onlarla, yüzlərlə idmançımız diqqətsizlikdən məhv olub gedib. Şahmat fərqli dünyadı. Bu növdə dünya çempionları 100 ildə bir dəfə dünyaya gəlirlər. Hələ ki, gec deyil. İtirməyək Şəhriyarı.

Ceyhun Əliyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər