Elnur Orucov: "Son bir ildə 4 penaltidən 3-nü qaytarmışam"

Elnur Orucov: "Son bir ildə 4 penaltidən 3-nü qaytarmışam"

“Qəbələ”nin əvəzedici komandası yeni ilə yeni qapıçı ilə başladı. Fərid Ağayev icarəyə verildikdən sonra “çərçivə” perspektivli Elnur Orucova tapşırıldı. 17 yaşını fevralın 16-da tamamlayan qapıçı indiyədək “Qəbələ” U-13 və U-16 komandasında qızıl, U-17-də isə gümüş medal qazanıb. Əvəzedici heyətdə ilk oyunda inamlı çıxışı bizi onunla söhbətə sövq etdi.

- Ənənədən kənara çıxıb, ilk sualı futbola gəlişin barədə deyil, adınla bağlı vermək istərdim. Hamı səni Eynur çağırır, amma sənədlərdə adın Elnur yazılıb. 

- Əsl adım Elnurdur. Bütün sənədlərdə də adım bu cür yazılıb. Sadəcə, atam uşaqlıqdan məni “Eynur” çağırır deyə, adım dillərdə belə qalıb.

- Futbola həvəsin necə yaranıb?

- Kiçik yaşlarımdan televizorda futbola həvəslə baxırdım. Həmişə deyirdim ki, mən də futbolçu olacağam. Belə deyə-deyə “Qəbələ”yə gəlib çıxdım.

- Adətən, bölgələrdə valideynlər övladlarının futbolçu olmasına qarşı çıxırlar. 

- Hə, evdəkilər narazı idi. Hər gün deyirdilər ki, “oxu, oxu!”. Mən isə dərsdən qaçıb məşqlərə gedirdim.

- Valideynlərin onları aldatdığını nə vaxt bildilər?

- Məktəbdən evə zəng vurub, dərslərdən qaçdığımı demişdilər. Bundan xəbər tutan futbol müəllimim bizə gəldi, valideynlərimlə danışıb, onların razılığını aldı. Həmin gündən sonra məşqlərə qarşı çıxmadılar.

- Qapıçı olmağı sənə kim məsləhət görüb? Yoxsa futbola gəldiyin ilk gündən qapıçı olmaq fi krinə düşmüsən?

- Evimizin yanında mini-futbol meydançası var idi. Arabir orada oyunları izləyirdim. Bir dəfə oyun zamanı qapıçı çatışmırdı. Məni çağırdılar, durdum qapıda. Bununla da qapıçılıq karyeram başladı.

- Neçə yaşından “Qəbələ”də oynayırsan?

- 13 yaşımdan.

- “Qəbələ” Futbol Akademiyasına gəlişin necə baş tutdu?

- Gəncənin “Çinar” komandasında çıxış edərkən, Qəbələyə yoldaşlıq görüşünə gəlmişdik. Həmin matçda “Qəbələ”nin məşqçiləri oyunumu bəyəndilər. Məşqçim də “Qəbələ”yə keçməyi məsləhət gördü. Beləliklə, seçim turlarına qatıldım və məni “Qəbələ” Futbol Akademiyasına götürdülər.

- Qəbələdə ən çox xoşuna gələn nə oldu ki, indiyə qədər burada oynayırsan?

- Burada stadionların əla vəziyyətdə olduğunu, futbolçulara şərait yaradıldığını hər kəs bilir. Mən də fi kirləşdim ki, əgər yaxşı futbolçu olmaq istəyirəmsə, burada qalmalıyam.

- Akademiyanın komandalarında oynadıqdan sonra əvəzedici heyətə cəlb edilmisən. Bu komandaya çağırılanda hansı hissləri keçirirdin?

- Doğrudan da bu, mənim üçün xoş sürpriz oldu. Vüqar müəllim (əvəzedici komandanın qapıçılar üzrə məşqçisi Vüqar Məmmədov nəzərdə tutulur – red.) mənə zəng vurub bu xəbəri deyəndə sevincimin həddi-hüdudu yox idi.

- Əvəzedici heyətə keçən ilin yayında dəvət edilsən də, ilk rəsmi oyuna çıxmaq üçün 6 aydan çox gözləməli oldun. Heç ümidsizliyə qapıldığın vaxt oldumu? 

- İlk günlər məşqlərdə çətinlik çəkirdim. Çünki akademiyanın məşqləri ilə əvəzedici komandanın hazırlıq prosesi arasında böyük fərq var. Açığı, ümidsizliyə qapılmadım. Sadəcə, səbr etdim, şansımı gözlədim.

- Hələlik əvəzedici heyətdə ən yaxşı oyunun AZAL-a qarşı olub. Həmin görüşdə hətta penaltini də qaytardın. Necə bildin ki, rəqib futbolçu topu hansı küncə vuracaq?

- Bilirsiniz, məşqçi futbolçuya inananda onun çıxışı uğurlu alınır. Son bir il ərzində qapıma 4 dəfə penalti təyin edilib. 4 zərbədən 3-nü qaytarmışam.

- Əvəzedici komandanın baş məşqçisi Luis Araqon özü də qapıçı olub. O, sənə hansı məsləhətləri verir?

- Luis Araqon mənə çox güvənir. Həmişə deyir ki, öz fikrindəki oyunu oyna.

- Özündə bəyənmədiyin ən pis cəhət hansıdır? 

- Tez həvəsdən düşürəm. Bu cəhətimi heç bəyənmirəm.

- Qapıçılar sahə oyunçularına nisbətən daha hirsli, əsəbi olurlar. Məğlubiyyətdən sonra hirsini necə soyudursan?

- (Gülür) Hə, doğrudur, qapıçılar çox əsəbi olurlar. Komandam məğlub olanda, bir müddət heç kimlə danışmıram, bununla da uğursuzluğu unutmağa çalışıram.

- “Qəbələ”nin əvəzedici komandasına çağırıldıqdan sonra təbii ki, futbolla bağlı arzuların daha da artıb. Karyeranda ən böyük hədəfin nədir?

- Bəli, arzularım çoxalıb. “Qəbələ” klubunun əsas komandasında oynamağı arzulayıram. Bu xəyalla yatıb-dururam.

- Milli komanda ilə bağlı hansı arzuların var? 

- Azərbaycanın U-17 yığmasında oynamışam. Müəyyən müddətdir ki, təklif gəlmir, amma çağırmaq istəyirlər. Arzum odur ki, milli komandalarda müntəzəm çıxış edim.

- Elnur, bu vaxta qədər buraxdığın ən kuryoz qol hansıdır?

- Türkiyədə U-17 yığmasının heyətində beynəlxalq turnirdə iştirak edirdim. Həmin kuryoz qolu elə Türkiyə ilə oyunda buraxdım.

- Nə baş vermişdi?

- “Çərçivə”ni itirmişdim.

- Yəqin ki, bu kuryoz qoldan sonra səni yığmaya çağırmadılar...

- Türkiyədə buraxdığım səhvə görə 2-3 təlim-məşq toplanışında milli komandanın qapıları üzümə bağlı oldu. Amma sonra yenə dəvət aldım.

"Qəbələ İK" qəzeti

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər