Çempionatın lap əvvəlində - I turda keçirilən "Simurq” – "Rəvan” oyununda “sarı-qırmızılar” yalnız məğlubiyyətə yox, həm də əsas futbolçularından biri olan Tofiq Mikayılovu itirməsinə üzüldü. Dizindən ağır zədələnən yarımmüdafiəçi ili başa vurdu. Belə ki, dizinin xaçvari bağları qırılan Mikayılovun ən azı yarım il oynamayacağı məlum oldu.
Elə avqustda Mərkəzi Kliniki Xəstəxanada uğurla əməliyyat olunan futbolçu artıq bərpa mərhələsinə qədəm qoyub. Fanat.az xəbər verir ki, bunu klubun rəsmi saytına müsahibəsində Tofiqin özü bildirib: "İlk öncə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Sağ olsunlar, mənə hər cəhətdən kömək etdilər, dəstək oldular. Elə komanda yoldaşlarıma da minnətdaram. Hamısı çətin vaxtımda yanımda oldular. Allah razı olsun hamısından. Bilirsiz, mən ilk dəfədi ki, belə ağır zədə alıram. Zədə aldığım epizodda dərhal məsələnin ciddi olduğunu hiss etdim. Çünki dizim qatlandı. Dözülməz ağrılar hiss etdim. Ümumiyyətlə, heç bir idmançıya zədə arzulamıram. Uzun müddətdi oynaya bilmirəm. Kənardan komandanın çıxışını izləmək isə çətindi. Çünki özüm də meydana çıxmaq istəyirəm. Amma hələ bir qədər də səbr etməliyəm. Artıq yavaş-yavaş özümə gəlirəm. Şənbə günü reabilitasiya kursunu keçən həkim məni 5-10 dəqiqə qaçırdı. Şükür Allaha, heç bir ağrı hiss etmədim. Həkim deyib ki, inşallah bu ayın axırına stadionda qaça biləcəm. Yaşıl meydanlara nə vaxt qayıdacağımı isə dəqiq deyə bilmərəm. Zədənin tez sağalmağından çox şey asılıdı. Amma ümid edirəm ki, yanvar-fevral aylarına kimi tam düzələrəm”.
revanfc.az