DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 7 top vurmaq necə göstəricidi? Suala cavab tapmağa çalışaq:
“Futbolun bəzəyi qoldu” fikrini qəbul etməyən tapılmaz. Qol vurmaq azarkeşlərə sevinc bəxş etməkdisə, möhtəşəm zərbə ilə hədəfi dəqiq nişan almaq, çoxgedişli kombinasiyanı uğurla tamamlamaq tərəfdarlara daha gözəl anlar yaşatmaq deməkdi. Millinin bu tsikldə gözəl qolları olub. Rauf Əliyevin Belfastda Şimali İrlandiyanın qapısından keçirdiyi, Rahid Əmirquliyevin İsraildə yəhudilərə vurduğu isə uzun müddət yaddaşlardan silinməyəcək. Hərçənd, azarkeşlər üçün qalan 5 top da olduqca dəyərlidi.
Ümumiyyətlə, 10 oyuna 7 qol vuran komandanın hücum xəttinin məhsuldarlığı nikbinliyə əsas vermir. Bu yöndə milli mütləq “artırmalıdı”. Makedoniya, Lüksemburq və Belarus qədər fərqlənən yığmamızdan “dişsiz” olanlar azdı. Foqtsun komandası Malta (5), Farer adaları (4), Qazaxıstan (6), Estoniya (6), Andorra (0), Cənubi Kipr (4), Lixtenşteyn (4), San Marino (1), Finlandiya (5) və Gürcüstanı (3) qabaqlayır.
Fanat.az