“Böyük oyun”un kölgəsində qalmayan matç!

“Böyük oyun”un kölgəsində qalmayan matç!

 “Neftçi” – “Xəzər Lənkəran” oyununun baş tutacağı turda daha bir qarşılaşmanın diqqət mərkəzinə düşməsi təsadüfi deyil. Noyabrın 3-də mərkəzi arenada “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Azarkeşlərin olduqca gərgin mübarizəyə şahidlik edəcəyi şübhə doğurmur.

 

 

Şimallılar “köhlən atlar” üçün həmişə çətin rəqib sayılıb. Baş məşqçisinin kimliyindən asılı olmayaraq, Qəbələ təmsilçisi ilə oyunlardan sonra Qurban Qurbanovun komandası nadir hallarda sevinən tərəf olub. “Qırmızı-qaralar”ın ağdamlılar üçün arzuolunmaz rəqib statusunu nə dərəcədə qoruyacağını cari mövsümün sonunda, ümumi nəticələrə əsasən söyləyəcəyik. Bu gün isə iddialıların duelinə fərqli prizmalardan yanaşmaq daha məqsədəuyğundu.

 

Unudulmaz matç

 

Ölkəmizin avrokuboklarda layiqli təmsilçisi adını çoxdan qazanmış Qurbanovun komandası Avroliqada mübarizəni sürdürdüyü dönəmdə Qəbələ səfərinə eksperimental heyətlə yollanmışdı. Avqustun 25-də premyer-liqanın 4-cü turu çərçivəsində baş tutan oyunda Ağdam təmsilçisi Yuri Syominin komandasını minimal hesabla üstələməyi bacardı. Frankfurt “Ayntraxt”ı ilə görüş ərəfəsində əsas heyət üzvlərinin bir neçəsinə istirahət verən Qurban bəyin daxili birincilikdə az qan bahasına qazandığı 3 xal yaddaşlardan silinməyib. Hesabı 16-cı dəqiqədə açan Vüqar Nadirovun qoluna cavab verən tapılmamışdı. Hərçənd, erkən buraxılan topun əvəzini çıxmaq üçün irəli atılan meydan sahiblərinin qol vəziyyətlərini sağa-sola xərclədiyini, necə deyərlər, dirəkləri saydığını da qabartmalıyıq. Şübhəsiz, həmin görüşün ardından “qırmızı-qaralar” “Qarabağ”dan qisas almaq üçün alışıb-yanır.

 

Fərqli üslublar

 

Tərəflər fərqli oyun üslubuna güvənir. “Qarabağ” Qurbanov dönəmində formalaşan oyun tərzinə sadiqdisə, Syominin gəlişindən sonra taktiki planda hazırlıqlı görünən şimal təmsilçisi fərdi ustalıq səviyyəsi yüksək olan fiqurların və komandadaxili intizamın hesabına inamla irəliləyir. Yuri Pavloviçin konkret olaraq atletik futbola bel bağladığını söyləmək çətindi. Ancaq rus mütəxəssisin futbol fəlsəfəsində fiziki gücün xüsusi yer tutduğunu da vurğulamalıyıq. Yayda etdiyi transferlərlə yetərincə güclənən ağdamlıların iddiasını artıran rəqibiylə tam heyətlə aparacağı mübarizəni səbirsizliklə gözləməyə dəyər.

 

Zirvə savaşı

 

“Böyük oyun”da “Neftçi”nin xal itirmək ehtimalının yüksək olduğunu nəzərə alsaq, qonaqların mümkün qələbə sayəsində zirvəni ələ keçirmək imkanı var. Ötən tur “Xəzər Lənkəran”ı Lənkəranda darmadağın edərək (3:0) liderliyə yüksələn Ağdam təmsilçisi məhz “Qəbələ”ni “taxtdan salmışdı”. Hazırda 24 xalla bütün rəqiblərinə yuxarıdan aşağı baxan “Qarabağ” təbii ki, meydana qələbə üçün çıxacaq. 22 xala malik Syominin komandası isə liderliyi geri qaytarmaq həvəsindədi. Zirvə savaşı oyuna əlavə gərginlik qatacaq ki, futbolsevərlərin də istədiyi budu.

 

İmic uğrunda savaş

Qurbanovun ölkənin ən sevilən yerli məşqçilərindən biri, bəlkə də birincisi olması faktdı. Futbol ictimaiyyətinin əksər nümayəndələrinin milliyə layiq saydığı çalışdırıcının tanınmış mütəxəssisləri əliboş qoyması ona olan inamı artırır. Con Toşaka darmadağın acısı daddıran Qurbanovun eksperimental heyətlə xalsız qoymağa imkan tapdığı Syominlə budəfəki qarşılaşması həm də imic uğrunda yeni savaş statusu daşıyır.

 

NİHAT, “Futbol+”

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər