Ah, bu qotur Qoyun ili

Ah, bu qotur Qoyun ili

Nə sınağa inanıram, nə düşər-düşməzə, nə biçarə xurafatçıların başını piyləyən fırıldaqçı öncəgörənlərə. Tanrıdan başqa güvən yerim yoxdu.  Qoyun ilindən bol ruzi, bərəkət umanlar isə yəqin, 5-6 boşboğazın fitvasına uyub, ümidləndiyi üçün hərdən özünü qınayır. Qardaş, deyəsən 2015 Azərbaycana qotur qoyun üstündə təhvil verilib. Elə o qotur qoyunun da yunu yumağa çevrilib boğazımıza tıxandı. Daha yaradanın çox görmədiyi havanı da ciyərlərimizə ürkə-ürkə çəkirik. Camaat problemlərin əlindən əmlik quzu kimi mələyirsə, müxtəlif iş yerlərində aparılan ixtisarlar atası iş yerindən uzaqlaşdırılmış minlərlə uşağı “pampers”ə həsrət qoyursa, başqa nə düşünəsən?

Əlbəttə, dollar bahalaşandan sonra ölkəsinin təbii resurslarına uyğun həyat yaşamayan xalqın vəziyyəti daha da ağırlaşıb. Deyirlər, Novruz bayramı ərəfəsində durum indikindən də pis olacaq. İlk  Avropa Oyunlarına ev sahibliyi etməyi boynuna götürən Azərbaycanın çiyninə qaldırdığı yükün ağırlığından əzab çəkməsi faktdı. Böyük idman qurğularına, abadlaşdırmaya, yarışların təşkilinə çəkilən xərclər şübhəsiz, əhalinin yarıac-yarıtox dolanan qisminin çörəyindən kəsilir.

Britaniyanın məşhur “The Guardian” nəşrinin ictimaiyyətə çatdırdığı məlumat isə təbii, son vaxtlar Avropa Oyunlarının qarasınca deyinənləri bir az da hiddətləndirdi. Avropalı həmkarlarımız britaniyalı idmançıların bütün xərclərinin bizimkilər tərəfindən ödəniləcəyini vurğulayıb. Ölkəmizə 160 nəfərlik heyətlə gələcək adalıların üzə çıxardığı həqiqəti danmaq mümkün olmadığından fevralın 26-da gec saatlarda Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi birgə  açıqlama yaydı. Olduqca oxunaqsız açıqlamanın bu dərəcədə qəliz hazırlanmasını tənqid atəşinə tutmaq fikrim yoxdu. Axı bu bizim köhnə, SSRİ dönəmindən qalan mərəzlərimizdəndi. Sanki rəsmidisə, mütləq qəliz olmalıdı! Ya qəliz deyilsə, hamının asanlıqla qavrayacağı şəkildə tərtib edilibsə, deməli, rəsmiyə oxşamır.

Əlqərəz, məğzindən belə başa düşdüm ki, odlar yurduna təşrif buyuracaq bütün idmançıların xərcləri xalqın cibindən çıxacaq. Hətta aviabiletləri də biz alacağıq.

Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini, dünyanın torpaqlarının 20 faizindən çoxu erməni tapdağı altında olan Azərbaycanımıza “bravo” deməsini hamımız arzulayırıq. Ancaq ultraqonaqpərvərliyin fəsadları yumşaq desək, dizimizi bükəcək.

Bu gün yarışa marağın hansı səviyyədə olacağını, ölkənin büdcəsinə turistlərdən, reklamdan neçə milyon gələcəyini hesablamaq tezdi. Yalnız ən yaxşısına ümid etməli və Bakı-2015-in qansız-qadasız, faciəsiz yekunlaşması üçün Tanrıya sığınmalıyıq. Tez gəlsin, tez getsin və gedincə gətirdiyi bütün çətinlikləri özüylə aparsın.  

İndidən deyə biləcəyim bir şey var:  imza atdığımız ilk tarixin yaddaşından silinməyəcək. Ona görə yox ki, Avropa Oyunları ən mötəbər, ən unudulmaz, ən möhtəşəm olay qismində 21-ci yüzilliyə damğa vuracaq. Ona görə ki, Azərbaycandan başqa heç bir ölkə reklam qatarının relslərinə vətəndaşlarını döşəməz! “Köhnə qitə”dən heç bir dövlət sinəsini qabağa verib bu qədər xərc çəkməyi özünə rəva görməz.

Nihat Ağasoy

"Futbol+"

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər