50-ci qolla 50-ci xal, ilk "sülh"

50-ci qolla 50-ci xal, ilk "sülh"

Rəvan” Topaz Premyer Liqasının 13-cü turunda "Sumqayıt” ilə üz-üzə gəldi. "Bayıl Arena”da keçirilən görüşdə komandalar hərəyə 1 qol vurub, 1 xal qazandı ki, bu da onların turnir cədvəlindəki mövqelərinə təsir etmədi. Qarşılaşma bir sıra maraqlı məqamları ilə yadda qalıb. Fanat.az xəbər verir ki, “sarı qırmızılar”ın rəsmi saytının əməkdaşları diqqətçəkəm məqamları təqdim edib:

 

"Maraqlı məqamlardan biri ondan ibarətdir ki, komandalar Premyer Liqa çərçivəsində görüşdükləri ilk oyundan sonra ilk dəfə "sülh” bağladı. "Rəvan” həmin 0:0-dan sonra "Sumqayıt”a qol vurmaq ənənəsini yenə davam etdirsə də, budəfəki 1:1 8 matçlıq seriyanın qırılmasına gətirib çıxardı. Çünki qolsuz bərabərlikdən sonra düz 8 qarşılaşmada heç-heçə qeydə alınmamış, tərəflərdən biri 3 xal qazanmışdı. Bu baxımdan komandamız 6 qələbə ilə rəqibi xeyli üstələyir.

 

"Sumqayıt”la qarşılaşmadakı nəticə həm də "Rəvan”ın evdəki heç-heçələr seriyasını davam etdirməsi ilə nəticələndi. Artıq "Bayıl” stadionundakı son 5 matçda "sülh” qeydə alınıb. "Sumqayıt”dan öncə "Qarabağ” (1:1), AZAL (0:0), "Xəzər Lənkəran” (1:1) və "Bakı” (0:0) ilə heç-heçə edilmişdi. Maraqlıdır ki, bu oyunlarda 1:1 və 0:0 hesabları növbəliliklə sıralanır. Özü də hesab 1:1 olanda ilk qolu məhz komandamız vurur. Onu da qeyd edək ki, ardıcıl 5 ev heç-heçəsi klub tarixində rekord nəticədir.

 

Son oyun komandamız üçün çempionatlar çərçivəsində keçirilən 125-ci görüş oldu. Bunlardan 48-i I divizion çərçivəsində baş tutubsa, Premyer Liqanın payına 77 matç düşür. Bu 125 oyunda ümumi balans belədir: +53 =27 -45, 179:160. Göründüyü kimi, "Sumqayıt”la oyunda çempionatlar çərçivəsində 160-cı qolu buraxdıq.

 

"Sumqayıt”la qarşılaşmada qeydə alınan 1:1-lik bərabərlik "Rəvan” üçün fərqli mənalarda da yubiley oldu. Belə ki, komandamız Premyer Liqada 20-ci heç-heçəsinə imza atdı. 77 oyuna bu nəticəyə çatan "aslanlar” həm də elitada ev oyunlarında 50-ci xalını qazandı. Üstəlik, Premyer Liqada doğma divarlar arasında keçirilən görüşlərdə 50-ci qolumuzu vurduq.

 

Həmin bu yubiley qolunun müəllifi olan Ceyhun Cavadov həm cari mövsüm, həm də ümumilkdə "Rəvan” forması ilə ilk topunu vurdu. Gənc futbolçumuz Premyer Liqada "Rəvan” forması ilə fərqlənmiş 25-ci oyunçu kimi yadda qaldı. Cari mövsüm bu baxımdan Sebastyan Kastro-Telyo, Kamil Nurəhmədov və Sohib Savankulov "siftə” etmişdi”.

 

 

 

revanfc.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər