Yarım əsrlik fəxrimiz - Sulya

Yarım əsrlik fəxrimiz - Sulya
Düz 50 il bundan əvvəl, 1965-ci ilin fevral ayının 17-də Sumqayıtda yaşayan Hacıbaba Süleymanovun ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Bütün digər ailələrdə olduğu kimi Süleymanovlar da bu oğlanın dünyaya gəlişinə sevindilər. Körpəyə Nazim adını qoydular, adına uyğun nizamlı-intizamlı övlad olmasını, valideynlərinin başını uca etməsini arzuladılar. Hamı kimi... amma Nazim həmyaşıdlarından seçilməyi bacardı. 
Sumqayıtdakı 5 saylı orta məktəbdə 1-ci sinifə getdi, orta təhsilini Mingəçevir şəhərində başa vurdu. Buna qədərsə meylini idmana salmışdı. Öz həmyaşıdları arasında çevikliyinə və fiziki hazırlığına görə seçilirdi. Təsadüfi deyildi ki, eyni vaxtda iki idman növüylə məşğul olan yeganə uşaq idi. Futbol məşğələlərinə gedər, daha sonra həydə gecə yarısına kimi tay-tuşlarıyla topun dalıyca qaçar. Yorulmaq bilməzdi. Ertəsi isə məktəbdən qayıdan kimi güləş zallarının yolunu tutar, Vaqif Əliyevdən güləşin sirlərini öyrənməyə çalışardı. 10-cu sinifi bitirəndə artıq Mingəçevirin “Avtomobilçi” komandasının üzvü idi. 
Növbəti il uşaqlıqdan bəri arzuladığı formanı - ağ-qara rəngli “Neftçi” formasını əyninə geydi. 1983-cü ildə başlayan “Neftçi” karyerası növbəti yeddi ili əhatə etdi. 90-cı illərin əvvəllərində ölkədəki vəziyyətlə birlikdə Nazimin “Neftçi”dəki işləri də qarışmağa başladı. Onu istəməyənlər, gözü götürməyənlər çox idi. Məhz həmin şəxslərin qısqanclığı Süleymanovu “Neftçi”dən və Azərbaycan futbolundan qaçaq saldı. Moskva “Spartak”ının çalışdırıcısı Oleq Romantsev onun istedadına, hücumçu kimi bacarığına bələd idi. Amma Bakıda oturan futbol məmurları nəyin bahasına olursa olsun Nazimin “Spartak”da oynamasına əngəl törətməyi hədəfləmişdilər. Bütün bu əngəllərlə təkbaşına mübarizə aparan Süleymanovun növbəti dayanacağı Valeri Qazzayevin çalışdırdığı Vladiqafqaz “Alaniya”sı olur. Və elə həmin komandayla da Nazim karyerasının zirvəsinə yüksəlir. 
“Alaniya”da çıxış etdiyi 6 il ərzində iki dəfə adını şimal qonşumuzun ən yaxşı 33 futbolçusu sırasına yazdıran Nazim Rusiya çempionatının qızıl və gümüş medallarını da boynundan asmağı bacarır. Rəqib qapılarından keçirdiyi 60 qolla “Alaniya” tarixinin ən məhsuldar legioneri ünvanına da sahib olur. Onun “Alaniya”nın uğurları üçün çəkdiyi zəhmət Şimali Osetiya rəhbərliyinin də diqqətindən yayınmır. Təsadüfi deyil ki, bu ölkənin fəxri vətəndaşı adına layiq görülən həmyerlimiz “Şöhrət” ordeniylə də mükafatlandırılıb. 
1997-ci ildə Soçiyə, “Jemçujina”nın şərəfini qorumağa yollanan Süleymanov qısa fasilərlə 2000-ci ilə qədər bu komandanın formasını geydi. Paralel olaraq Moskvanın Ali Məşqçilər Məktəbində təhsil alan Sulya karyerasını Soçidə bitirib, “Jemçujina”nın uşaq komandalarında köməkçi-məşqçi və məşqçi kimi fəaliyyətə başladı. 
Azərbaycan milli komandasının Gürcüstanla keçirdiyi ilk tarixi qarşılaşmanın iştirakçıları arasında onun da adı vardı. AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev sonradan verdiyi müsahibələrində etiraf edib ki, 1992-ci ildə Nazim Süleymanov Rusiya millisində oynamaq təklifini geri çevirib, Bakının Dəmir Yolu Vağzalında Gürcüstana yollanmaq üçün onu gözləyən hərmyerlilərinə qoşulmuşdu. 1998-ci ilə qədər Azərbaycan millisinin şərəfini qoruyan hücumçu İsveçrə üzərində qələbəmizdə də əvəzsiz pay sahiblərindəndi. Ümumilikdə milli komandanın heyətində 24 dəfə meydana çıxan Süleymanovun aktivində 5 qol var. 
2004-cü ildə Mübariz Mənsimov Lənkəranda iddialı klub yaratmağa başlayanda ilk dəvət göndərdiyi mütəxəssis Nazim Süleymanov idi. “Xəzər Lənkəran”ın qurulmasında, peşəkar klub kimi formalaşmasında xeyli əmək sərf edib. U-21-də baş məşqçinin köməkçisi kimi də çalışan Nazim əsas millimizi 2008-ci ilin mart ayında Vilnüsdə Litvayla oyuna da çıxarıb. AZAL məhz onun rəhbərliyi altında 2010-2011-ci il mövsümü 4-cü sırada bitirməklə ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanmışdılar. Eləcə də 2013-cü ilin yayında Bakıda keçirilən Hərbiçilər Arasında Dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı onun adıyla bağlıdı. 
Bu gün Nazim Süleymanov ömrünün 50-ci zirvəsinə qədəm qoyur. Onu bu münasibətlə ürəkdən təbrik edirik. Eyni zamanda inanırıq ki, futbolçu kimi adını Azərbaycan futbolunun tarixinə yazdırmağı bacarmış Nazim bəy eyni uğurları çalışdırıcı kimi də qazanacaq, ölkəmizin nüfuzunun yüksəldilməsinə də öz töhvəsini verəcək!
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər