Qondarma Kürdüstanın bayrağı, amansız terrorçu Abdulla Öcalanın şəkliylə “Kobaniyə dəstək” mitinqində çəkdirdiyi şəkilləri paylaşan Melis Sarıaltın hərəkətinə bayağı cümlələrlə reaksiya verən Elxan Məmmədovdan daha artığını gözləmirdik. Ötən ilin payızında yaşanan məlum hadisədən sonra U-17-nin də şərəfini qorumuş Melisin yığmadan uzaqlaşdırılacağına şübhə etməyənlər hələ də vəziyyətin nə yerdə olduğundan xəbərsizdi. 19 yaşadək qadınlardan ibarət millinin milliləşdirilmiş legionerini fərasətsiz komandanın sıralarında görsəz, təəccüblənməyin...
Daha bir legionerin – U-19-un sabiq müdafiəçisi Şamil Qurbanovun Ermənistan “Uliss”inin düşərgəsində olması da oxşar hadisədi. Hər iksi legionerdi, hər ikisi üçün Azərbaycan yığması pul qazanmaq obyektindən başqa bir şey sayılmayıb. Melisi milli mənsubiyyətinə, terrorçuya olan sevgisinə görə qınamadığımız kimi, Şamili də suçlu saymırıq. Azərbaycan - Ermənistan münasibətlərinə qarışmadığını dilə gətirib, sadə Rusiya vətəndaşı olduğunu söyləyib.
Ölkəmizə bağlılığı olmayan birini biganəlikdə günahlandırmaq ən dayaz məntiq olar. Amma AFFA-nın milliləşdirmə siyasətinin iyrənc tərəflərinin üzə çıxması faktdı. Ayağı top tutan və tutmayan gənclərə yığmanın formasını verən adamların iç üzü belə hallarda daha aydın görünür. Bir halda ki, yığmamızın forması bu dərəcədə ucuzlaşdırılıb, deməli, ucuz yenilgilər elə ucuz siyasətin nəticəsidi. Şamil nə birincidi, nə də sonuncu. Hələ belələri çox olacaq.
Fanat.az