2013/14 mövsümünə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” növbəti yoldaşlıq oyununu keçirdi. "Rəvan"ın Avropanın adıçəkilən ölkəsindəki son görüşündə rəqibi Türkiyə Superliqasının təmsilçisi "Karabükspor” oldu.
Maraqlı mübarizə şəraitində keçən oyun heç-heçə nəticələndi – 2:2. Türkiyə elitasının nümayəndəsi ilə tam başa-baş mübarizə aparan "aslanlar” hissənin sonlarında istəyinə çatdı: 40-cı dəqiqədə Elvin Həsənəliyevin ötürməsindən sonra komandada baxışda olan Sebastyan Kastro gözəl vuruşla hesabı açdı. Fasilədən sonra yeni oyunçuların meydana çıxması oyun intizamının pozulması ilə nəticələndi və rəqib bundan istifadə edərək ard-arda 2 qol vurdu. Lakin inamlı təsir bağışlayan "Rəvan” təslim olmadı və 62-ci dəqiqədə Miloş Adamoviçlə tarazlığı bərpa etdi. Bu həm də matçda vurulan son qol oldu.
Beləliklə, iyulun 26-da Bakıya qayıdacaq "Rəvan” Sloveniya toplanışı çərçivəsində dördüncü oyununu keçirmiş oldu. Daha öncə komanda Sloveniya təmsilçisi "Aluminiy” (1:1) və Serbiya klubları "Donyi Srem” (0:2) və "Çukariçki” (0:0) ilə qarşılaşmışdı.
İdman24.az