Topaz Premyer Liqasının 18-ci turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq.
“İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.
| Mövsüm | Klub | O | Q | H | M | T/F | X |
| 2006/07 | Neftçi | 24 | 17 | 3 | 4 | 47-15 | 54 |
| 2007/08 | Neftçi | 4 | 2 | 1 | 1 | 9-4 | 7 |
| Cəmi | Neftçi | 28 | 19 | 4 | 5 | 56-19 | 61 |
| 2008/09 | Qarabağ | 26 | 14 | 7 | 5 | 35-22 | 49 |
| 2009/10 | Qarabağ | 32 | 14 | 12 | 6 | 31-26 | 54 |
| 2010/11 | Qarabağ | 32 | 17 | 7 | 8 | 41-22 | 58 |
| 2011/12 | Qarabağ | 32 | 15 | 8 | 9 | 37-28 | 53 |
| 2012/13 | Qarabağ | 32 | 16 | 11 | 5 | 43-26 | 59 |
| 2013/14 | Qarabağ | 17 | 9 | 6 | 2 | 29-11 | 33 |
| Cəmi | Qarabağ | 171 | 85 | 51 | 35 | 216-135 | 306 |
| Cəmi | 2 kubda | 199 | 104 | 55 | 40 | 272-154 | 367 |
Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib - 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.
Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdi. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir - 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.
Fanat.az