"Topaz": razı və narazı deputatlar

"Topaz": razı və narazı deputatlar

Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz” məsələsi Milli Məclisdə yenə müzakirə mövzusu oldu. Narahatlıq doğuran odur ki, hətta son zamanlar azyaşlıların və xanımların da bu cür mərc oyununa meyllənməsi diqqətdən qaçmır. Lakin belə bir bəla göz görə-görə kimlərsə tərəfindən idmana olan həvəs kimi təqdim edilir. 

Deputatları narahat edən də elə budur. Onlar bəzən bu mövzu ilə bağlı çıxışlar edir, mərc oyunlarının ləğvi təklifini irəli sürür. Amma nəticə olmur. Səbəbini qısaca olaraq belə izah edə bilərik ki, “Topaz”ın rəsmiləşdirilməsi deputatlar arasında keçirilən səsvermədə qəbul edilib. Yəni “Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər və “Topaz”ın rəsmi mərc oyunları kontoru kimi fəaliyyət göstərməsinə icazə verilib.

 

Sonuncu dəfə dünən Milli Məclisin iclasında “Topaz”ın cəmiyyətdə böyük bir bəlaya çevrilməsi, bir çox ailələrin, gənclərin bu bataqlıqdan qurtula bilməməsi gündəmə gətirildi. Bu dəfə deputat Qüdrət Həsənquliyev çıxışında mərc oyunlarının ləğv olunmasını təklif etdi. Deputat mərhum prezident Heydər Əliyevin Azərbaycanda kazinoları qadağan etdiyini xatırladaraq çox ailənin bu dərddən xilas olduğuna diqqət çəkdi. Milli Məclisin spikeri Oqtay Əsədov isə Qüdrət Həsənquliyevə cavabında onunla razı olduğunu bildirdi.

“Topaz”la bağlı narazılıq Milli Məclisdə bir neçə dəfə müzakirə edilib. 2013-cü ilin mart ayında deputat Məlahət İbrahimqızı “Topaz”ın cəmiyyətdə xərçəng xəstəliyi kimi yayıldığını deyərək bu cür qumarxanaların ləğv olunmasını təklif etmişdi. Spiker Oqtay Əsədov isə o vaxt deputata cavabında “Topaz”ın qurmarxana olmadığını demişdi. O.Əsədov o zaman bunu belə əsaslandırmışdı: ““Lotereya haqqında” qanun müzakirə olunarkən deputatlar buna səs veriblər. Biz bu qanunu sizin iştirakınızla qəbul etmişik. Dediyiniz məsələni isə araşdırarıq”.

 

O zaman gənclər və idman naziri Azad Rəhimov da “Topaz”ı müdafiə etmişdi. Nazir “Topaz”ın tam şəffaf olduğunu, idmanın inkişafına xidmət etdiyini və “qara bazar”a qarşı mübarizə vasitəsi olduğunu söyləmişdi. Milli Məclisdə “Topaz”ın fəaliyyətinə etiraz edən deputatlardan biri də Fazil Mustafadı. “Topaz”ın bağlanması ilə razı olmayan deputatlardan biri də Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzovdu.

 

“Topaz”ın idmanın inkişafına dəstək olduğunu deyən S.Novruzov virtualaz.org-a açıqlamasında bu cür mərc oyunlarının yasaqlanmasının tərəfdarı olmadığını bildirdi: “Bütün dünyada idman oyunlarının, məsələn, at yarışlarının, futbolun mərci oynanılır, lotereya yarışları keçirilir. Bu, bir növ idmana olan marağı da artırır. Bu yarışlardan gələn gəlirlə idmanın müxtəlif sahələrinə dəstək göstərilir”.

 

Deputat “Topaz”ı digər kazino oyunları ilə eyniləşdirməyin düzgün olmadığını da qeyd etdi: “Bu oyunlara böyük məbləğ qoyulmur. Az məbləğ qoyub udan da olur, uduzan da. “Topaz”a maraq göstərənlər əsasən öz komandalarının oyununu qiymətləndirir. Bu da onların idmana marağını artırır. Düşünmürəm ki, “Topaz” bağlanmalıdır. Lakin hər kəs fikirləşməlidir ki, oynamalıdır, ya yox. Bu cür oyunlar qanunla tənzimlənir. Bazar iqtisadiyyatı şəraitində bu cür oyunlar olmalıdır. Mən bu oyunların bağlanmasının tərəfdarı deyiləm. 18 yaşdan yuxarı şəxslər bu oyunlarda işitirak edə bilər. Bu yaş həddinə nəzarət edilməlidi. 18 yaşı olan gəncin özünün pul qazanmaq ehtimalı daha çox olur. Öz vəsaiti hesabına bu oyunları oynayır. Yaş həddi 18 olanda heç kim valideynin vəsaitini gətirib bi oyunlara xərcləmir”//virtualaz.org

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər