Premyer-liqanın debütantı “Araz –Naxçıvan”ın “süqutunun” ardından “Qəbələ”nin bu mövsüm də sabitliyin yolunu tapmayacağı üzə çıxdı və yaranandan iddialılardan olan “Xəzər Lənkəran” fasilə ərəfəsində siyasətini məlum şəkildə dəyişərək ictimaiyyətə “mən pas” mesajı göndərdi. Hələ yayda ölkə birinciliyinin sambalına xələl gətirəcəyi şübhə doğurmayan “Bakı”nın düşdüyü durumdan danışmağa isə ümumiyyətlə, ehtiyac yoxdu. Bütün bunlar çempionatdakı rəqabətə sarsıdıcı zərbə vursa da, bəzi klublar “qış bazarlığı”nda donuqluq nümayış etdirmədi. Həm daxili transferlər arasında diqqətçəkənlər oldu, həm də xaricdən yeni adlar gəldi. Bəzi ödənişli futbolçulara qucaq açan klubların qış fasiləsindən sonra keçirilən 5 turda yeni transferlərdən fayda görməməsi isə faktdı. Yanvarda transfer edilən “buz heykəllər”i yada salmaq zamanıdı. Ümid edək ki, havalar qızdıqca “heykəllər də canlanacaq”.
Rauf Əliyev
“Xəzər Lənkəran”da az məvacibə oynamaq istəməyən Raufun “elçiləri” çox olsa da, flaqmanla anlaşdı. Taran tipli forvardın ümidləri doğrultmayan Nikolas Kanalesi heyətdən sıxışdıracağını proqnozlaşdıranlar hələ ki əksini görür. Kifayət qədər forma şansı qazanan millinin hücumçusu “Qarabağ”da oynadığı günlərinin kölgəsini də xatırlatmır. “Neftçi” azarkeşləri son turda reallaşan “Avropa derbisi”ndə də heç nə ilə yadda qalmayan hücumçunun oyunundan razı qala bilməz. Əlbəttə, “yerli qaymaqlar”dan sayılan Əliyev üçün “Neftçi”nin son şans olduğunu, “xalq komandası”nın formasında da özünü yaxşı tərəfdən göstərə bilməyəcəyi təqdirdə, “tükənmiş” futbolçu adlandırılacağını bilirik. Bu da məlumdu ki, son vaxtlar millinin əsas hücumçusu statusunu daşıyan Raufun geriləməsi yığmanın baş məşqçisi Robert Prosineçkini də forvard problemiylə üz-üzə qoyacaq. Doğrudu, yığmada oynatmaq üçün başqa hücumçular da var. Amma yaxşı formada olanda məhz Əliyev seçmədə daha etibarlı oyun nümayiş etdirir. “Donu açılmasa”, heç nə...
Aleksey Qay
Dorinel Muntyanuya “şələ-şüləni yığ” əmri verən “Qəbələ” rəhbərliyinin oynadığı futbolla büdcəsi uzlaşmayan kluba dəvət etdiyi Roman Qriqorçuk yaxşı tanıdığı bir neçə yetirməsini də yanına gətirdi. Aralarında ən məşhuru Aleksey Qay olduğundan, elə bu futbolçudan danışacağıq. Bir qayda olaraq həmyerlisindən oyun qurucusu mövqeyində şans alan Aleksey nəsə etməyə çalışır. Lakin geridə qalan turlarda oynadığı futbola və statistik göstəricilərinə diqqət yetirsək, aldığı paranın əvəzini vermir. Hesabında nə məhsuldar ötürmə var, nə də qol. Bir sözlə, “dirijor”u Qay olanın, sonu ah-vay olar. Komanda şəklində xoş təsir bağışlamayan, gücü yarımcan “Bakı”yla iddiasını itirmiş “Xəzər Lənkəran”a çatan “qırmızı-qaralar”ın bu oyun qurucusuyla uzağa gedə bilməyəcəyini güman etmək asandı.
Dmitri Bezotosnı
Kamran Ağayevi yola salan Qriqorçukun yaxşı tanıdığı Dmitri Bezotosnıya etimad göstərməsini normal qarşılamaq vacib idi. Odessa “Çernomorets”ində 90 oyun keçirən əlcək sahibinin varlığı fonunda bölgə təmsilçisinin buraxdığı qolların sayının azalacağını düşünənlər yanıldı. “Simurq”a Zaqatalada 0:2 hesabıyla yenildikləri görüşdə “qırmızı” alan və penaltiyə səbəb olaraq komandasını dəfn edən Dmitrinin hələ “Qəbələ”nin hansısa oyununda parlaq çıxışla diqqət mərkəzinə düşdüyünü görməmişik. Legioner qolkiper sıravi yerli həmkarlarından fərqlənmirsə, lazım gələndə təcrübəsiylə seçilmirsə, bir ətək pul verib Azərbaycana gətirməyə dəyməzdi. Yuxarıda qeyd etdiyim kimi, məlum limit varsa, “çərçivə” qoruyucusunun legioner statusu daşıması baş məşqçiyə meydanda uzağı 5 əcnəbi oynatmaq imkanı verirsə, əlavə şərhə ehtiyac yoxdu. Əslində “qırmızı-qaralar”ın yeni baş məşqçisinin gətirdiklərinin heç biri ölkəmizə gələndən azarkeşlərin rəğbətini qazanmayıb. Ancaq Bezotosnı məhz Kamrandan yaxşı qapıçı təsiri bağışlamadığına görə “qamçılanmalıdı”.
Ruben Şaken
Son klubu “Feyenord” olan, Hollandiya yığmasının formasını geyməyə imkan tapmış Ruben Şakenin adı özündən səviyyəli çıxdı. “İnter”in rənglərinə bağladığı vinger baş məşqçi Kaxaber Tsxadadzenin də etiraf etdiyi kimi, komandanın oyun üslubuna uyğunlaşa bilmir. “Sumqayıt”la “İnter Arena”dakı matçda debütünü reallaşdıran və sıradan oyunla yadda qalan vinger start “11-liy”indən kənarda qalmağa davam edir. Verdiyi müsahibələrin birində “süni örtükdə oynayacağımızı bilmirdim” deməklə bərbad oyununa bəhanə axtaran Ruben bu gedişlə, Tsxadadzenin arzusunu gözündə qoyacaq. Ölkəsini layiqincə təmsil etməyən qaradərili yarımmüdafiəçi qarşıdakı 2-3 turda da “dirilməsə” sular bulanacaq.
Pərdis Fərcad-Azad
Berti Foqtsun yığmada da oynatdığı Pərdisin dönüşündən sonra “Sumqayıt”ın hücum xəttinin məhsuldarlığının artacağını, rəqabətin güclənəcəyini zənn edənlər çox idi. Lakin Fərcad-Azad Aqil Məmmədovun bu qış göndərdiyi Fərid Quliyevdən heç nə ilə fərqlənmir. Oyunlara sonradan buraxılan hücumçu yığmanın ehtiyat heyətinə çağırılmağa belə layiq deyil. 1-ci divizion klublarından onlarla Pərdis sambalda oyunçu tapmaq olar. Hər halda indiki hazırlıq səviyyəsi haqqında daha yaxşı sözlər deməyə imkan vermir.
Başqaları
Yalnız ən pis günlərini yaşayan “Bakı”yla oyunda özünə bənzəyən Əfran İsmayılovun “İnter”də, Draqan Çeranın əvəzedicisi imicindən qurtula bilməyən Cihan Özkaranın “Simurq”da, yarımçıq Türkiyə macərasının ardından vətənə qayıdan Rəhman Hacıyevin “Neftçi”dəki oyunu da futbolsevərlərin ürəyincə deyil. Epizodik “partlamalar”, 4 oyundanbir nəsə etmək futbolçunu yaxşı adlandırmağa kifayət etmir.
NİHAT, “Futbol+”