Futbol üzrə Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirəcəyi yoxlama oyunu üçün start heyəti məlumdu. Fanat.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün keçirilən mətbuat konfransında Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşmada 4-1-4-1 taktiki sxemindən yararlanacağını bildirib.
Xorvat mütəxəssis fevralın 24-də baş tutacaq qarşılaşmada qapını “Sumqayıt”ın qolkiperi Andrey Popoviçə həvalə edəcək.
Müdafiənin mərkəzində Bədavi Hüseynovla Ruslan Abışov yer alacaq. Müdafiənin sağ cinahında Məhəmməd Mirzəbəyov, solda Arif Daşdəmirov tər tökəcək.
Dayaq yarımmüdafiəçisi mövqeyində“Qarabağ”ın Qara Qarayev olacaqsa, yarımmüdafiənin sağ “qanad”ında Əfran İsmayılov, solunda Cavid Hüseynova sözünü deməyə çalışacaq. Prosineçki Rahid Əmirquliyevi yarımmüdafiənin mərkəzində, Namiq Ələsgərovu “gizli forvard” ampluasında, Məhəmməd Qurbanovu isə nominal hücumçu mövqeyində oynatmaqda qərarlıdı.
Fanat.az