SSRİ yığmasının, habelə Kiyevin “Dinamo” və Turinin (İtaliya) “Yuventus” klublarının əfsanəvi yarımmüdafiəçisi Aleksandr Zavarov vətəni Ukraynada hərbi xidmətə çağırış vərəqəsi alıb. Fanat.az saytı xəbər verir ki, bu barədə Ukraynanın “Futbol” jurnalının baş redaktoru Artyom Frankov öz "Twitter" səhifəsində məlumat yayıb.
Frankov bildirib ki, Ukrayna Futbol Federasiyasına 89 çağırış vərəqəsi gəlib. Onlardan biri də hazırda məşqçilik edən 53 yaşlı Aleksandr Zavarovun adınadı.
2012-ci ildə Ukrayna yığmasının baş məşqçisi olan Zavarov bu siyahıda tək deyil. Ukrayna millisinin qapıçılar üzrə məşqçisi, 57 yaşlı Yuri Sivuxa da orduya çağırış vərəqəsi alanlar arasındadı.
Çağırış vərəqələri onların özlərinə yox, Ukrayna Futbol Federasiyasının rəhbərliyinə verilib. Vərəqəni çağırışçılara rəhbərlik paylayacaq. Səfərbərliyə alınmış idmançıların döyüşlərin getdiyi Şərqi Ukraynada hərbi xidmətə göndəriləcəyi güman olunur.
Ötənlərin əfsanəvi futbolçularından olan və hazırda Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenkonun assitenti kimi çalışan Zavarov hazırda qızğın döyüşlərin getdiyi Luqanskın “Zarya”, Kiyevin “Dinamo”, İtaliyanın “Yuventus” və Fransanın “Nansi” klublarının, habelə SSRİ yığmasının heyətində parlaq karyera keçirib. Zavarov 1986-cı ildə Kiyev “Dinamo”su ilə Avropa Kuboklar Kubokunu, 1990-cı ildə isə “Yuventus”un heyətində UEFA Kubokunu qazanıb.//Virtualaz.org
Fanat.az