Bakı-2015 ilk Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb. Fanat.az xəbər verir ki, I Avropa Oyunlarının voleybol yarışlarında 12 kişi və 12 qadın idmançıdan ibarət milli komanda iştirak edəcək.
Həmin komandalar Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsində yer alıblar. Azərbaycanın milli komandaları Oyunlara ev sahibliyi edən ölkə kimi seçim mərhələsində iştirak edəcək.
Kişi voleybolçuların yarışında A qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları yer alıb. B qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya kollektivləri mübarizə aparacaq.
Qadınların turnirində Azərbaycan, İtaliya, Türkiyə, Polşa, Belçika və Rumıniya milliləri A, Rusiya, Serbiya, Almaniya, Hollandiya, Xorvatiya və Bolqarıstan yığmaları isə B qrupunda yarışacaq.
Qeyd edək ki, Avropa Oyunlarında iyunun 13-də “Crystal Hall”da start götürəcək voleybol yarışlarında 336 idmançı iştirak edəcək.
Fanat.az