Rusiyanın "Ximki" klubunda çıxış edən İlya Tufanoviç Sadıqov əslən azərbaycanlıdır.
21 yaşlı futbolçu Rusiya Premyer Liqasının son turlarında MOİK və "Krilya Sovetov" klublarına qarşı oyunlarda vurduğu qollarla diqqət çəkib.
Millimizin sabiq qolkiperi, Rusiyanın MOİK klubunun qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko gənc futbolçunun Azərbaycan yığmasına mümkün dəvəti ilə bağlı fikirlərini Fanat.Az-a açıqlayıb:
"İlya son turlarda özünü yaxşı tərəfdən göstərir. Bizim komandanın da qapısına yol tapmışdı. Ötən tur isə "Krilya Sovetov"la oyunda da fərqlənməyi bacarmışdı. Onda sürət, meydanı görmə qabiliyyəti və futbolçu olaraq yaxşı potensial müşahidə etdim. Amma Azərbaycan yığmasında oynamağa gəlincə düşünürəm ki, müəyyən qədər tezdir. Bilirsiniz niyə? Millinin şərəfini qorumaq üçün tam hazır olmalı, kifayət qədər oyun praktikası toplamalısan. Necə olmasa da, bu ölkənin milli komandasıdır. Sadıqov son turlarda vurduğu qollarla yadda qalsa da, "Ximki"nin əsas heyətində kifayət qədər oyun keçirmir. Amma yenə deyirəm, gənc futbolçu olaraq pis təsir bağışlamır və futbolçuya xas olan bəzi keyfiyyətlərə malikdir. Komandanın baş məşqçisi Sergey Yuranın təcrübəsini qeyd etmək istərdim. İlya komandanın çalışdırıcısından da nələrsə öyrənməlidir. O, gələcəkdə daha məhsuldar oyun göstərsə, niyə də Azərbaycan millisi üçün faydalı olmasın?
Ölkə çempionatında hər hansı gənc futbolçu məhsuldar oyun nümayiş etdirirsə, təbii olaraq müzakirə obyektinə çevrilir. Məlum səbəblərə görə hazırda Rusiya futbolunda müzakirə olunacaq başqa mövzular və görüləcək digər işlər var. Elə bir durumdayıq ki, gələcəkdə nəyin necə olacağını bilmirik. Ona görə də Sadıqova diqqət əlbəttə ki, var, amma hər şey əvvəlki kimi deyil. Təkcə İlya yox, digər millətlərdən olan gənc futbolçularla bağlı da vəziyyət eynidir".
Emin Şəmsiyev