Klub səhmlərinin 49 faizinin açıq satışa hərrac vasitəsi ilə çıxarılması bir çox problemlərin aradan qalxmasına təkan vermiş olar. Əvvəla, büdcəyə vəsait daxil olar. Bunun üçün birjaya bəlli bir qiymətə səhmlər yerləşdirilməlidi.
Şərti olaraq, hansısa Azərbaycan klubunun dəyərinin 100 milyon dollar olduğunu qəbul edək. Belədə, dəyəri 1 dollardan olan 49 milyon səhmi satışa buraxmaq olar. Əlbəttə ki, birdən-birə yox. Elə klubda işləyən əməkdaşlar həmin səhmlərin müəyyən hissəsinə sahib çıxmaq istəyər. Əlbəttə ki, bu klubun gələcəyinə inanırlarsa. Ürəkdən olmasa da, rəsmən buna hər bir klub funksioneri borcludu. Deməli, həmin səhmlərin müəyyən hissəsini elə vitse-prezidentlər, müşavirlər, icraçı direktorlar və ierarxiya üzrə daha aşağı pilləkəndə yerləşən funksionerlər alacaqlar. Bu da "bir gülləylə iki dovşanın vurulması" olacaq. Heç bir səhmdar səhminin dəyərinin aşağı düşməsini istəməz. Deməli, həm büdcə doldurulacaq, həm də klubun əməkdaşları daha səylə çalışacaqlar ki, pay sahibi olduqları səhmlərin dəyəri artsın və ilin yekunlarına görə dividend əldə etsinlər.
Bu səhmlərin alınmasında fan-klublar da yaxından iştirak edəcək. Ən azından ona görə ki, riskə atılan cüzi yatırımla kifayət qədər qazanc əldə etmək mümkün olacaq. Klublarımızın gəlir bazası haqda yazının ikinci hissəsində bəhs edəcəm. Hələliksə, satışı nəzərdə tutulan 49 faiz səhmin beynəlxalq birjadakı perspektivindən danışaq.
İstənilən ATSC səhmlərini bazara çıxarmamışdan öncə həqiqi dəyərini şəffaf şəkildə açıqlamalıdı. Bura klub bazasından tutmuş, akademiya, stadion, fan-şop (əlbəttə, əgər varsa), avadanlıqlar və s. daxildi. Klubun dəyərinə futbolçular da daxil edilir. Yekunda səhm almaq istəyən insan vəziyyət haqda dolğun informasiya toplaya biləcək. Deməli, nə qədər şəffaf və dolğun məlumat yerləşdirilsə, bir o qədər həmin səhmlərin alınması real olacaq.
İkinci mərhələdə səhmələrin qiyməti tənzimlənəcək. Buna klubun heç bir müdaxiləsi mümkün deyil. Çünki qiyməti bazar müəyyənləşdirəcək. Sadəcə, klubun əldə etdiyi uğurlar, düzgün transfer çalışmaları, digər layihələr səhmlərin dəyərinə təsir edəcək. Əlbəttə ki, həm klub prezidenti, həm də ətrafında çalışan digər funksionerlər səhmlərin qiymətinin qalxmasında maraqlı tərəf kimi, klubun inkişafında maraqlı olacaqlar.(ardı var)