UEFA qərarını açıqladı. Acı, gözlədiyimiz qərara rəsmi don geyindirdilər. "Qarabağ"ın Avropa Liqasının 1/16 finalında oynamaq hüququnu həyasızcasına əlindən alıb "Dnepr"ə verilməsinə, eyni həyasızlıq nümayiş etdirərək, göz yumdular.
Bu, məsələnin bir tərəfi. İkinci tərəfi ondan ibarətdir ki, köstəbək də görürdü ki, Miroslav Zelinkanın qeydə almadığı qol ən yüksək səviyyədə həll edilmiş məsələdi. Çünki UEFA çexiyalı fit sahibinin ünvanına güldən artıq söz deməmişdi. Heç deməyi düşünmürdü də. Axı son saniyədə vurulan qoldan sonra Azərbaycan çempionunu sıxışdırmağa vaxt qalmayacaqdı. Zelinka təlimata uyğun hərəkət etmək üçün ani çaşqınlıq içində qalsa da, nəfsi (əlbəttə ki, o, bu xidməti pulsuz göstərməyib) daha güclü çıxdı. Çexiyalı cəllad UEFA işbazlarının tapşırığını "kişi kimi" yerinə yetirdi.
Nəhayət, məsələnin üçüncü, özü də ən vacib tərəfi. AFFA məsələyə müdaxilə etməlidi. Özü də açıq şəkildə! Gün kimi aydındı ki, "Qarabağ"ı dəfn edənlərin arxasında (sözün hər iki mənasında) Mişel Platini dayanıb. Bu ilin martında UEFA prezidentliyinə növbəti seçki keçiriləcək. Nə qədər əcaib olsa da, bu posta yiyələnmək istəyənlərin sayı 1-lə ölçülür. Aydın məsələdir ki, yeganə namizəd hazırkı fransız işbazdı. AFFA rəhbərliyi klubumuza yiyə durmalıdı. Bunun konkret yolu Platininin namizədliyinə qarşı kampaniyaya başlamaqdı.
Necə? Fransalı "dəllal"ın işini bəyənməyən çox, olduqca çox sayda ölkələr var. Bu da faktdır ki, FİFA prezidenti Yozef Blatter və 1984-cü ilin Avropa çempionu, yumşaq desək, "mehriban düşmən"lərdi. Deməli Platiniyə qarşı kampaniyada Blatterin əlaqələrindən də istifadə edib, Avropada hansı ölkələrin Assosiasiyalarının onun personasından narazı olduğunu öyrənmək olar. "Düşmənimin düşməni - mənim dostumdu", prinsipindən istifadə edib, bütün Platinisevməyənlrlə işbirliyinə girmək lazımdı.
Əlbəttə, Mişel də "hərif" deyil. Onun da tərəfdarları kifayət qədərdi. Ancaq AFFA ilk növbədə komandamıza sahib çıxmalıdı. "Qarabağ" meydanda da savaşdı, meydandan kənarda da bacardığı qədər ədalət uğrunda mübarizə apardı. Bəs AFFA? Federasiya bu yerdə silahı yerə qoysa, gələcəkdə də bizi eyni aqibətlər gözləyəcək. Mübarizə aparmaq lazımdı, özü də açıq şəkildə. Platiniyə özünə daha bir düşmən qazandığını mütləq göstərmək lazımdı. Nəzərə alsaq ki, qonşu Gürcüstan da bizim "havaya oynayacaq", "tək əldən səs çıxmaz", deyənlərin də dəlillərini əlindən almış olarıq.
Nəhayət, UEFA prezidentliyinə tək namizəd olması barədə. Burda da əngəl axtarmağa dəyməz. Çünki Platini səs çoxluğunu təmin edə bilməsə, seçkilər yenidən keçiriləcək və daha bir neçə nəfər namizədliyini irəli sürə bilər.
Ceyhun Əliyev