"İlk dövrənin son oyunu olduğundan bizim üçün çox vacib oyun idi. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik". Fanat.az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis komandasının uşaq səhvlərinə yol verdiyini bildirib: "Oyunun sonlarına yaxın komanda rahatladı, hesab 4:1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidilər. Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq".
Dənizli fasilədən yaxşı yararlanmalı olduqlarını deyib: "Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik. Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdı. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq komandaya qış tətili verilməyəcəkdi”.
Fanat.az