Cəmilənin cücələri

Cəmilənin cücələri

Rus bölməsində təhsil almaq mənim qərarım deyildi. Dövrün tələbinə uyğun olaraq belə məsləhət bilmişdilər, uyğun saymışdım. Qanımda qarışıq olmasa da, sinfimizdəki ruslardan da, ukraynalılardan da yaxşı oxuyurdum. “Azbuka”nı vərəqləməkdən doymur, oxumağı və yazmağı məktəbə getməmiş öyrəndiyimdən bir ay sonra keçəcəyimiz dərslərlə də tanış olurdum.  Azərbaycan türkcəsində “Əlifba”nı da tez-tez vərəqləyirdim. Paralel məşğul olmağımı vacib saymışdılar ki, böyüyəndə doğma dilimdə indiki “şampunçiklər” kimi yastılaya-yastılaya danışmayım. Məhz həmin, üzlənmiş, səliqəli “Əlifba”da gördüyüm “Cəmilənin cücələri” adlı mövzu çox xoşuma gəlmişdi.  Bəlkə də kolxozçu nənəsinə kömək edən qızcığazı, bəlkə də qutuya yığdığı ağ və qara cücələrin şirinliyini bəyənmişdim. 

Yaddaşımın bir küncündə ilişib qalan uşaqlıq xatırələrindən o da yadımdadı ki, bir gün rəngli karandaşlarla məhz qutuya cücələri yığan Cəmiləni canlandırmışdım. Müəlliməm “əsər”i yüksək dəyərləndirmiş, üstəlik, sinəmdəki sancaqda fəxrlə gəzdirdiyim qırmızı ulduzların arasına birini də bağlamışdı...

 

Komitələşməyi başlıca prioritet seçən AFFA məmurlarının indi də jurnalistləri buxovlamaq ideyasını eşidəndə çəkdiyim şəkil yadıma düşdü. Klublarla mətbuat nümayəndələrinin münasibətini gərginləşdirən assosiasiya məmurlarının yürütdüyü siyasət göz qabağındadı. Baş katib Elxan Məmmədov və başının dəstəsi indi də qələm əhlinin sözünün kəsərini qoruyan qismini zərərsizləşdirmək niyyəti güdür. Zatən, AFFA-nın vəkillərinin kimliyi bəllidi. İdman nəşrlərinə və saytlara baxanlar gündəmdə olan mövzulara yanaşmalar arasındakı fərqləri sezir. Belələrinin sayının artması bilavasitə baş katibin və məsləkdaşlarının “kreslo”sunun mühafizəsinə xidmət edəcək. Doğrudu, biz jurnalistlər müstəqil birlik yaratmağı, bir məslək ətrafında birləşməyi, ən vacib anlarda qurum şəklində haqq səsimizi ucaltmağı bacarmırıq. Amma Məşqçilər Komitəsinin, Klublar Komitəsinin ardından AFFA-da Media Komitəsinin də yaradılmasının ideya şəklində səsləndirilməsi həm gülməli, həm də düşündürücüdü. Assosiasiyanın mətbuatla yaxınlaşmaq çabalarının futbolun inkişafına töhfə verməyəcəyini proqnozlaşdırmaq çox asandı. Əlbəttə, bu gün jurnalistikada təsadüfi adamların sayı lazım olandan 2 dəfə çoxdu. Peşəsinə hörmət edən, vicdanıyla baş-başa qalanda qələmindən utanmayanlar uzağı 30 faiz təşkil edir ki, bu da bir Azərbaycan reallığıdı. Bəziləri AFFA-nın qılıncının altından keçməyi maddi vəziyyətin yaxşılaşması, digərləri səfərlə bağlı problemlərin həllini tapması, başqaları isə daha səmərəli fəaliyyət arzusunun həyata keçəcəyinə inandığı üçün dəstəkləyəcək. Hətta dərin təhlil qabiliyyəti olmayanlar “ komitənin yaranması AFFA-nın mətbuatla hesablaşmasıdı”, “yeni ideya bizlər üçün futbolun inkişafına töhfə vermək fürsətidi”  və buna bənzər düşüncələrin burulğanında azacaq, özü də bilmədən “təhkimli kəndli”yə çevriləcək.

 

Jurnalist azad olmalıdı, bozqurd kimi azad ! Sözünün sərhədlərini şəxsən müəyyənləşdirməli, baş verənləri xalqa yaradıcılıq məharəti, cəsarəti hesabına şərəflə çatdırmalıdı. Maddi vəziyyətin yaxşılaşması üçün cilddən-cildə girənlər üçün isə başqa sahələrdə yer tapılar. Rədd olsun Məmmədovun ideyası, rədd olsun işinin öhdəsindən gəlməyən, neftin milyonlarını xalqın cibindən oğurlayan AFFA-nın Media Komitəsi !

 

...Hə, çəkdiyim şəkildə Cəmilə yalnız qara cücələri qutuya yığmışdı. Ağ cücələr isə kənarda gəzir, şüyüd ləklərinin arasında yem axtarırdılar. Məncə, Media Komitəsi yaransa, Məmmədovun sifarişiylə “qutu“ya “qara cücələr” yığılacaq. Növbəti savaş isə “ağ cücələr”lə qutudakıların arasında başlayacaq. Bənzətməmin ağır tərəfini özünüzə dərd etməyin. Nə mən cücəyəm, nə də həmkarlarım. Cəmilə obrazını isə özünüz tapın. Məsəldi də, yerinə düşdü, çəkdim...

Nihat,  "Futbol+" qəzeti

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər