Azad Rəhimov: "Topaz"ın bağlanmasını dəstəkləyəcəm"

Azad Rəhimov: "Topaz"ın bağlanmasını dəstəkləyəcəm"

Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə "Topaz" idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirib. Fanat.az xəbər verir ki, nazir report.az-a açıqlamasında millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcəyini bildirib.

O deyib ki, bir vətəndaş və şəxs kimi "Topaz"ın bağlanmasına heç bir etiraz etməyəcək: "Milli Məclis "Topaz"ın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridi. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdı. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".

Bir məmur kimi isə Azad Rəhimovun reaksiyası belə olub: "Qara bazar"la müqayisə etsək, "Topaz" çox yüksək vergi verir, tam şəffaf şirkətdi, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdı və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq, görə bilərsiniz. Vəsait tam olaraq, idmanın inkişafına sərf olunur. Topaz bağlanacaqsa, qoy qalsın "qara bazar". Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdu. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, "qara bazar" işləsin və "Topaz"ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".

"Bəlkə bu məsələni qaldıranlar "Topaz"ı deyil, "qara bazar"ı nəzərdə tutublar" sualını isə nazir bu cür cavablandırıb: "Bunu mən deyə bilmərəm. Mənim "qara bazar"la işim yoxdu. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın. Bizim yeganə uduşumuz odu ki, "qara bazar" olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdi".

Qeyd edək ki, Milli Məclisin fevralın 2-də keçirilmiş iclasında deputat Qüdrət Həsənquliyev "Topaz" bağlanmasını təklif edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər