Aslan Kərimov "Sabah"ın məğlubiyyətinin səbəbini nədə görür?

Aslan Kərimov "Sabah"ın məğlubiyyətinin səbəbini nədə görür?

"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveç təmsilçisi "Vikinq"lə (Viking) üzləşib.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Matçdan əvvəl də bu görüşdə hər iki komandanın şanslarının bərabər olduğunu qeyd etmişdim. Oyunun gedişatı da əslində bunu təsdiqlədi. Əlbəttə, qarşılaşmaya təsir edən müəyyən amillər var idi. "Vikinq"in lehinə olan məqamlardan biri "Turan Tovuz"la matçdan sonra Tovuza səfər etməsi, daha sonra geri qayıtması və yenidən Norveçə yollanması idi. Üstəlik, süni örtüklü meydanda çıxış edirdilər. Bütün bunlar istər-istəməz "Vikinq"i müəyyən mənada üstün mövqeyə çıxarırdı. Çünki bu qədər səfər etmək, eyni zamanda bərpa olunmaq və daha sonra Çempionlar Liqası səviyyəsində oyuna çıxmaq həqiqətən də çətindir.

Bütün bunlarla yanaşı, əsas futbolçularından biri olan Velko Simiç (Veljko Simić, Veljko Simic) meydana çıxdı. Düzdür, o, oyunda iştirak etdi, amma göründüyü qədərilə, meydana çıxmazdan əvvəl fiziki baxımdan tam hazır deyildi. Çünki oynadığı müddətdə tez-tez top itkilərinə yol verirdi. Bu da onun hələ optimal fiziki formasını bərpa etmədiyini göstərirdi. Məncə, matçda iştirak etməsəydi, daha yaxşı olardı. Ola bilsin ki, futbolçunun özü hazır olduğunu düşündüyü üçün meydana çıxıb. Ancaq zədədən sonra, üstəlik süni örtüklü meydanda oynamaq yenidən zədələnmə riskini artırır. Bu da məğlubiyyətə səbəb olan amillərdən biri ola bilər. Çünki Simiç "Sabah"ın heyətində xüsusi rola malik futbolçudur. Hücumda oynayarkən meydanın demək olar ki, hər yerində görünməyi bacarır. Komandanın onun yoxluğunda müəyyən çətinliklərlə üzləşməsi də təbiidir. Fiziki baxımdan futbolçuların yorulduğunu deyə bilmərəm. Ancaq sadaladığım amillər məğlubiyyətə təsir göstərdi. Bunlar olmasaydı, bəlkə də, daha yaxşı performans nümayiş etdirə bilərdilər. Amma bu, rəqibimizin bizi fiziki cəhətdən üstələdiyi anlamına gəlmir. Bunu demək düzgün olmazdı. Çünki zaman-zaman rəqibimiz də bizə çatmaqda çətinlik çəkirdi. Oyunun tempi yüksək olduğundan hər iki komanda əks-hücumlarda bir-birini yaxalamağı bacarırdı. Sadəcə, burada başqa bir məqam var. "Sabah" qırmızı vərəqə aldıqdan sonra futbolçularımız yoruldular. Bunu açıq etiraf etmək lazımdır. Ancaq qırmızı vərəqəyə qədər qol vura biləcəyimiz bir çox epizodumuz var idi.

Məncə, rəqib bizi yaxşı təhlil etmişdi, biz də rəqibi yaxşı təhlil etmişdik. Simiçin yoxluğundan sonra oyunumuzda müəyyən dəyişiklik baş verdi. Bundan əlavə, hesab edirəm ki, birinci hissədə əks-hücumlarda daha yaxşı çıxış etdik. İkinci hissədə də rəqibi təkbətək vəziyyətlərdə yaxalaya bildiyimiz çoxsaylı epizodlar var idi.

Məsələn, birinci hissənin sonlarına yaxın Patrik Mbina (Patrick Mbina) əks-hücum zamanı rəqibin mərkəz müdafiəçisi ilə rəqib meydanının yarısında təkbətək qalmışdı. Digər futbolçuların hamısı ondan təxminən on metr geridə idi. Belə vəziyyətdə hücumçu topu irəli apararaq rəqibini keçməyə çalışmalıdır. Lakin Mbina həmin epizodda nədənsə kifayət qədər qətiyyətli olmadı. Gözlədi, və daha sonra geriyə ötürmə verdi. Yəni bu cür situasiyalardan yararlana bilmədik. Rəqib isə belə imkanlardan istifadə etməyi bacardı.Bundan əlavə, standart vəziyyətdən, künc zərbəsindən qol vurdular. Əslində, bunun qarşısını almağın çətin olacağını oyundan əvvəl də qeyd etmişdik.

Məncə, qırmızı vərəqəyə qədər rəqibimizdən heç də geri qalmırdıq. Məğlubiyyətin səbəbi detallarda gizlənirdi. Rəqibin buraxdığı səhvlərdən və ona təzyiq göstərərkən yaranan boşluqlardan istifadə edə bilmədik. Onların səhvlərini qola və ya qol epizoduna çevirə bilmədik. Rəqib isə bizim səhvlərimizdən yararlanmağı bacardı. Son nəticədə qırmızı vərəqə də oyunun taleyinə təsir göstərən amillərdən biri oldu. Bəlkə də həmin epizodda bu qədər sərt və kobud oynamağa ehtiyac yox idi. Bununla belə, futbolçunu da başa düşürəm və onu qınaya bilmərəm. Bəzən oyunun gərginliyi və stresi insanı aqressivləşdirir, nəticədə müəyyən sərhədləri keçə bilirsən.

Ümumilikdə, məncə, komandalar təxminən eyni səviyyədə oyun nümayiş etdirdilər. Ən azı, Çempionlar Liqasına xas, bu turnirin səviyyəsinə uyğun qarşılaşma oldu. Amma bu, Çempionlar Liqasıdır və burada zəif komanda yoxdur. Mən bu oyunu əslində “Slaviya” (Slavia Praha, Slavia Prague) ilə qarşılaşmamızla müqayisə edirəm. Həmin görüşdə də rəqibimiz zəif komanda deyildi. Hesaba baxaraq belə düşünmək olmaz ki, biz onları açıq-aşkar öz qapılarına sıxışdırmış, daim təzyiq altında saxlamışdıq. Oyun bərabər səviyyədə keçmişdi. Sadəcə, biz rəqibin səhvlərindən istifadə edə bildik, özümüz isə daha az səhvə yol verdik və onlara qol imkanları yaratmadıq.

Bu dəfə isə vəziyyət bir qədər fərqli oldu. Rəqib bizim səhvlərimizdən yararlana bildi, amma biz onların səhvlərini dəyərləndirə bilmədik. Bir dəfə buna nail olsaq da, kifayət etmədi. Bu baxımdan, qırmızı vərəqə, sözün düzü, oyunun həlledici məqamına çevrildi. Ondan sonra futbolçularımız yoruldular və bu da normaldır. Çempionlar Liqasında bir nəfər azlıqda mübarizə aparmaq asan məsələ deyil".

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər