"Şəxsi fikrimdi ki, Azərbaycan Premyer Liqasının səviyyəsi ötən illə müqayisədə aşağı düşüb." Fanat.az xəbər verir ki, bu sözləri "Simurq" - "Qəbələ" oyunundan sonra jurnalistlərə verdiyi açıqlamada meydan sahiblərinin prezidenti Anar Bəkirov deyib.
Zaqatala təmsilçisinin rəhbəri çempionatdakı potensial rəqiblərinin zəifləməsindən faydalanmaq istədiklərini də söyləyib: "Cari mövsümdə "Bakı"nın yaşadığı maliyyə problemləri, qış fasiləsində "Xəzər Lənkəran"ın gəncləşdirmə siyasətini seçməsi bizim avrokubok şanslarımızı artırdı. Bundan maksimum yararlanmaq istəyirik".
"Qəbələ"yə qarşı oyunda komandasının futbolçularının tez-tez meydana sərilərək, simulyasiyaya əl atmasına dair iddiayla isə Bəkirov razılaşmayıb: "Xeyr, məsələn, İlkin Qırtımovu ardıcıl bir neçə dəfə vurdular. Sabah onu müayinəyə göndərəcəyik. Bütövlükdə isə ilk yarıdakı oyunumuzdan razı qalsam da, fasilədən sonra komanda daha çox hesabı qorumağa çalışdı".
Fanat.az