Syominin iflası
AZAL-la öz meydanında bərabərə qalmaqla çempionluq şansını rəsmən itirən “Qəbələ”nin baş məşqçisi Yuri Syominin Ebesilyo və İbrahima Niassenin yoxluğunu qabartması gülməlidi. Belə heyətlə büdcəsi 1 milyon manata çatmayan Şüvəlan təmsilçisini yenə bilməmək iflasdan xəbər verir. 4-4-2-yə bel bağlayan rusun heç “qırmızı-qaralar”ın qol vəziyyətlərini boşa verməsindən təəssüflə danışmağa da haqqı çatmır. “Təyyarəçilər” məhz məşqçi işi hesabına xal qazandı. 55-ci dəqiqədən 3 hücumameyilli dəyişiklik planını həyata keçirin Yuri Pavloviçin sxemə toxunmadan zəfər görmək arzusu gözündə qaldı. Yeni qüvvə statusuyla oyuna qoşulanlar – Nuran Qurbanov, Nizami Hacıyev və Əbdülvahid Afolabi baş məşqçini vəziyyətdən çıxara bilmədi. Şüvəlanlılıarın baş məşqçisi qismində ilk xalına sevinən Tərlan Əhmədovun komandası xətlərarası əlaqə problemini yoluna qoya bilməyən, yanvardan sonra ruhunu itirən meydan sahiblərinə inamlı müqavimət göstərməklə, evə “qənimət”lə döndü.
Kimin bəxti gətirib?
Meydanda futbol adına gözəllik olmasa da, autsayder “Sumqayıt”ın bu dəfə də xal qazanması və digər autsayder “Rəvan”a çatması (hərəsinin 18 xalı var) müsbət haldı. 1:1 hesabıyla yekunlaşan qarşılaşmanın ikinci hissəsində təxminən 20 dəqiqə qızışan komandalar hərəyə bir qol vurub sakitləşdi. Bu başqa məsələ ki, Uğur Pamuk qapıçıyla təkbətək qaldığı epizodda qol şansını qaçırmasaydı, zaqatalalılar bölgəyə məyus qayıdacaqdı. Birforvardlı taktiki sxemlərdən istifadə edən tərəflərin çalışdırıcılarının oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər baxmayanlar üçün oyunun gedişini təsəvvürdə canlandırmağa bəs edir. Georgi Çixradze rəqibin bəxtinin gətirdiyini deyibsə, Aqil Məmmədov yüzfaizlik fürsəti əldən verən Pamuku məcburiyyətdən oynatdığını dilə gətirib. Həyata keçirilən oyunçu dəyişikliklərinə nəzər salsaq, parlaq addım gözə dəymir.
2:2-dən sonra yada düşdülər
Çempionatda iddiası qalmayan qonaqlardan fərqli, “Bakı” qələbə qazanıb üst pillələrlə xal fərqini artırmamalı idi. 28 dəqiqəyə iki top buraxan “zolaqlılar” belə desək, “Xəzər Ləınkəran”ın caynağından penaltilərlə qurtuldu. Milinko antiçin ikinci hissədə oyuna qoşduğu Marius Penanın oyunda dönüş yaratdığını söyləmək absurddu. Yarımmüdafiəçi Aleksandr Şoliçi rumın forvardla dəyişən çalışdırıcının yetirmələrinin təzyiqi artırmasına ehtiyatlı oynamağa, hesabı qorumağa çalışan “ağ-yaşıllar” imkan yaratdı. 51 və 63 dəqiqələrdə Əfran İsmayılovun vurduğu penaltilərlə hesabda tarazlıq yaranandan sonra Etame Mbillaya “qalx, hazırlaş” deyən Mustafa Dənizlinin vacib fiqurları kubokun yarımfinalına qoruduğu sezilirdi. Elə Rahid Əmirquliyevlə Vanderson Skarduelli də 2:2-nin ardından yada düşmüşdü. Pena 2 yüzfaizlik şansı qaçırmasaydı, matçdan “ikiəlli yapışmayan” Dənizli yenilgiyə üzüləcəkdi.
Kapitanı oyundan almaqla...
Paytaxt derbisində ikinci yer uğrunda döyüşə çıxan tərəflərin oyununda favorit yox idi. Yetirmələrini meydana ənənəvi 5-4-1(5-2-2-1) taktiki sxemi ilə çıxaran Kaxaber Tsxadadzenin komandası ilk 20 dəqiqədə rəqibin start canfəşanlığını “boğmaqla” kifayətləndi. Sıx müdafiəni yara bilməyən flaqmanın son nöqtəni qoymağa çətinlik çəkməsi qabardılmalıdı. “Arxa cəbhə”də etibarlı görünən “bankirlər”in həmlələr zamanı boşluq axtarması da faktdı. İkinci yarıya kapitan Vaqif Cavadovsuz başlayan gürcünün əvəzləməsi mükəmməl adlandırılmalıdı. Məhz Cavadovun yerinə oyuna çıxan Asif Məmmədovun iki qol ötürməsi ilə Matiya Şpiçiçin dubluna şərait yaratması önə çəkilməlidi. Doğrudu, nominal qonaqlar da “donmamışdı”. “Ağ-qaralar” 1:2 hesabıyla yenildiyi matçda bir neçə qol imkanını boşa verdi. Lakin taktiki mübarizədə Böyükağa Hacıyevin həmkarına uduzduğunu danmaq olmaz. Müdafiənin cinahlarında yer alan fiqurların – Mahir Şükürovla Bruno Bertuççinin ümidləri doğrultmadığını da unutmayaq. “Qanadlar” işini görə bilmirsə, deməli, rəqib çalışdırıcı zəif nöqtələri tapıb. Bəli, Tsxadadze matça həmkarından yaxşı hazırlaşmışdı.
Baxımlı təsəlli
Oyuna Tsxadadzesayağı 5-2-2-1-lə başlayan Güvənc Kurtarın komandasının liderdən xal qoparması qəhramanlıq sayılardı. Cari mövsüm “köhlən atlar”ı büdrətmək sevinci yaşayan “Rəvan” yaxşı formada olan rəqibinin öhdəsindən gəlmədi. 5:1 hesablı darmadağından danışırıqsa, gedişlər üzərində uzun – uzadı dayanmağa dəyməz. Hesab açılanadək müqavimət göstərən “sarı-qırmızılar” ilk qolu “yeyəndə” işi bitmiş saymaq olardı. Əlbəttə, Güvənc hocanın Tyaqo Mirasemanı döyüşə atıb gözəl təsəlli qolu görməsi müsbət məqamdı. Lakin türkiyəli Elvin Həsənəliyev – Yamin Ağakərimzadə dəyişikliyi ilə ilkin sxemə müdaxilə edəndə artıq komandası 3 qol “yemişdi”. Hücumda canlanma yaratmaq çabası baxımlı təsəlli qoluna yetdi. Meydanda şou göstərən ağdamlılar çətinlik çəkmədən darmadağın reallaşdırdı.
"Futbol+" qəzeti