Misli Premyer Liqasının 8-ci turunda "Qəbələ"ni 4:0 hesabı ilə üstələyən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, litvalı mütəxəssis belə danışıb:
- Qarşıda ağır sınaq - Çempionlar Liqasında Dortmund "Borussiya"sı (Borussia Dortmund) görüşünüz var. "Qəbələ" ilə matça hazırlaşarkən hansını daha vacib sayırdınız?
- Daha çox bu oyunu düşünürdük. Bakıya qayıdacağıq və "Borussiya" ilə matça hazırlaşacağıq.
- "Qarabağ" - "Neftçi" matçından nə gözləyirsiniz?
- Desəm ki, bu oyun maraqlı deyil, yalan danışmış olaram. Matçı neytral azarkeş kimi seyr edəcəyəm. Siz necə, mən də elə...
- Xəyal Əliyevə Çempionlar Liqasında da şans verəcəksiniz?
- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza döndü. Beş-altı ay kənarda qalmışdı. Bu görüşdə meydanda 7-8 dəqiqə olsa da, çox fəal idi. Azərbaycanın ən istedadlı oyunçularından biridir. Çempionlar Liqasında oynayıb-oynamaması hansı fiziki formada olacağından asılıdır.
- Dördüncü qolunuz futbol dərsliklərinə salınacaq səviyyədə idi. Azı "Ayın qolu" layihəsinə namizəddir. Bu haqda nə deyə bilərsiniz?
- "Ayın qolu" layihəsinin necə müəyyənləşdiyini bilmirəm. Amma bu qol çox kombinasiyalı alındı. Aleksey İsayev (Aleksei Isaev) də əla tamamladı. Bu gün uşaqları tərifləməliyəm. Şadam ki, hesab 2:0 olandan sonra da dayanmadıq. Əlbəttə, hər şey bizim üçün asan alınmadı. Rəqibin dirəkdən qayıdan topunu da unutmayaq.
- Buraya gələn məşqçilər oksigen çatışmazlığından şikayətlənirlər...
- Biz bu gün qələbə qazanmasaydıq, bunu iqlimlə əkaqələndirməzdim. Səhvi özümüzdə, taktikamızda, hazırlığımızda axtarardım. Hər iki tərəf eyni şərtlər altında mübarizə aparır.
Nihat