Dünən dünya futbolu daha bir əfsanəsini itirdi. Portuqaliya futbolunun yetişdirdiyi ən önəmli ulduzlardan biri - Eysebio 71 yaşında gözlərini əbədi olaraq yumdu. Bir müddətdi müalicə olunan əfsanəvi oyunçu Lissabonda ürək çatışmamazlığından dünyasını dəyişdi. Portuqaliya hökuməti 3 günlük matəm elan etdi, bütün bayraqlar endirildi və sevənləri "Benfika"nın ev oyunlarını keçirdiyi stadiona axın edərək Eysebionun heykəlinin önünə çiçək düzməklə əfsanəvi futbolçuya olan sevgisini göstərdi.
Bərbərxanada başlayan karyera
Dünya futbolunun gəlmiş-getmiş ən önəmli simalardan biri olan Eysebio 1942-ci ildə Afrikada - Mozambikdə dünyaya gəlib. Atası ağ dərili bir dəmiryolu işçisi, anası qara dərili afrikalı olan gələcəyin ulduzunun uşaqlıq illəri yoxsulluq və səfalət içində keçib. Atasını 8 yaşında itirən Eysebio ilk dəfə "Os Brasileiros" adlı klubun formasını geyinib. Ardınca "Maksakuene" adlı klubda ilk peşəkar təcrübəsini yaşayıb.
Bir dəmiryolu işçisinin oğlu olan Eysebionun qarın toxuluğuna (maaş olaraq bir şüşə koka-kola və bir sandiviç alırmış) çalışdığı bərbər dükanında həyatı dəyişib. Belə ki, Portuqaliyadan dönən Braziliyanın "San Paulo" klubu Mozambikə də baş çəkib. Bu zaman komandanın məşqçilərindən biri olununla bərbərxanada tanış olub. Adı açıqlanmayan həmin məşqçi daha sonra "Sportinq"in (Lissabon) qardaş klublarından birində çıxış edən gənc forvardla bağlı hər yerdə danışmağa başlayıb. Bunu eşidən "Benfika"nın baş məşqçisi Bela Quttman tənbəllik etməyərək Maputoya gedib və 100 metr məsafəni 11 saniyədə qaçan Eysebionun transferini həll edib. Gələcəyin ulduzu Portuqaliya klubuna 2 min avroya (indiki pulla) başa gəlib.
"Benfika"nın bu hərəkəti "Sportinq"in qəzəbinə səbəb olub. Bu olaydan illər sonra danışan Eysebio "Sportinq"in onu pulsuz oynatmaq istədiyini bildirib: "Mozambikdə "Sportinq"in qardaş klublarından birində oynayırdım. "Benfika" mənə sərfəli müqavilə təklif etdi. "Sportinq" isə məni pulsuz "təcrübə qazanması vacib olan həvəskar" gözü ilə baxırdı. "Benfika" normal şəkildə təklifini irəli sürdü. Anam və qardaşımla görüşdülər. 3 il üçün 1000 avro pul təklif etdilər. Qardaşım bunun iki qatını istədi və onlar da qəbul etdilər. Anamla müqavilə imzalayıb pulu ona verdilər. O da pulu Mozambikdəki bir banka qoymuşdu. Amma hesabı açdırarkən xoş niyyətindən müqaviləyə xüsusi maddə saldırıb. Həmin maddədə bildirilib ki, Portuqaliyaya gedib böyük bir futbolçu olmasam, pul geri qaytarılacaq".
"Benfika" rəhbərliyi Eysebionu "Sportinq"lə qalmaqalın təsirinə düşməməsi üçün ara sakitləşənədək Algarvedəki bir evdə saxlayıb. Beləlikdə, 2 min avroya transfer olunan bir futbolçu çox keçmədən dünya futboluna damğa vuran ulduzlardan birinə çevirilib.
Kriştiano Ronaldo 2009-cu ildə "Mançester Yunayted"də həftədə 200 min funt-sterlinq aldığı üçün İngiltərəni tərk etdi. Eysebionun tərk etdiyi ölkə isə Avropanın sömürdüyü yerlərdən biri idi. Portuqaliya klubları bu koloniyaları afrikalı istedadları transfer etmək üçün nəzərətə götürmüşdü. Eysebio 1954-cü ildə "Benfika" ilə anlaşaraq Hilario, Matateu və Mario Kolunanın izi ilə getdi. Yeni ulduzun maaşı günümüzün standartlarına görə gülünc görünsə də, özündən əvvəlki ən yüksək maaşlı afrikalının iki qatı idi.
Eysebio Mozambikdəki günlərini belə xatırlayır: "Benfika"ya gəlməzdən öncə də yaxşı futbolçu idim. Sadəcə peşəkar deyildim. Corablardan və ya qəzet kağızlarından düzəldilmiş toplarla oynayırdım".
Kuboklara embarqo qoyan adam...
"Benfika" tarixinən ən uğurlu dönəminin "aktyorları" arasında baş rolu məhz Eysebio oynayıb. O, bu komandanın heyətində 11 dəfə Portuqaliya çempionu olub, 5 ölkə kuboku qazanıb, Çempionlar Liqasına sahib çıxıb. Afrika əsilli portuqaliyalı bu turnirdə 3 final oynayaraq qitə futbotlunun bir dönəminə damğa vurub. Eysebio 1975-ci ildə "Benfika"dan ayrıldıqdan sonra müxtəlif Amerika və Portuqaliya klublarında çıxış edib, 4 il sonra karyerasını başa vurub.
Avropanın zirvəsində
1965-ci ildə Avropada ilin futbolçusu seçilən Eysebio 3 il sonra birinci dəfə təqdim olunan "Qızıl buts" mükafatının ilk sahibi olub. O, 1973-cü ildə bu mükafatı ikici dəfə qazanıb. Əfsanəvi futbolçu "Benfika"nın heyətində 3 dəfə avrokuboklarda bombardir olub - 1965, 1966 və 1968.
Tofiq Bəhramovu da gördü
64 dəfə forma geyindiyi Portuqaliya millisinin heyətində 41 qol vuran Eysebionun daha çox DÇ-1966-dakı performansı xatirələrdə qalıb. Peleli Braziliyanı yenərək yarımfinaladək irəliləyn Portuqaliya burda İngiltərəyə uduzub. Bu turnirdə 9 qol vuran Eysebio bombardir olub. Üçüncü yer uğrunda oyunda SSRİ-ni 2:1 hesabı ilə yenərək bürünc medallara sahib çıxan portuqaliyalılar ən uğurlu dünya çempionatı keçiriblər. Bu oyunda Azərbaycanın ən məşhur futbolçusu Anatoli Banişevski Eysebioya qarşı oynayıb.
Qeyd edək ki, bu dünya çempionatında ən məşhur azərbaycanlı hakim Tofiq Bəhramov da iştirak edib. Həmyerlimiz Eysebiolu Portuqaliyanın oyununa təyinat almasa da, onunla eyni turnirin iştirakçısı olub. Məlumat üçün onu da xatırladaq ki, Bəhramov məhz bu mundialda məşhurlaşıb. Belə ki, İngiltərə və Qərbi Almaniya arasındakı final matçında o, ingilislərin lehinə verdiyi obyektiv qərar "Uembli" stadionunna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olunub və dünya futbol tarixinə qızıl hərflərlə yazılıb.
İki qitədə Eysebio heykəli var
"Benfika"nın ev oyunlarını keçirdiyi "Estadio Da Luz" stadionun önündə onun heykəli ucaldılıb. Bu heykəlin eynisi ABŞ-ın Massakusetts ştatındakı "Gillette" stadionun önündə də var. Bir sözlə əfsanəvi futbolçuya sağlığında iki qitədə - Avropa və Şimali Amerikada heykəl ucaldılıb.
Alfredo Di Stefano nə deyib?
2009-cu ildə Eysebio qəhrəmanı və dostu Alfredo Di Stefanonun dəvəti ilə başqa bir portuqaliyalı - Kriştiano Ronaldonun "Real"la müqavilə imzalama mərasiminə qatılıb. Burda "Real"ın əfsanəsi 94 milyon avroya transfer olunan Ronaldonu nəzərdə tutaraq Eysebioya "onun yerində sən ola bilərdin" deyib.
Bu hekayəni eşidən hər kəsin ağlına bir şey gəlir: Eysebio Ronaldonu qısqanırmı? "Qara inci"nin bu suala cavabı belə olub: "Onu qətiyyən qısqanmıram. Mənim oynadığım dövrdəki futbol ən yaxşısı idi. Bu gün bu oyun yoxdu. Hər şey ürəkdən oynamaqdan ibarət idi. Bu səbəbdən çox sayda yaxşı oyunçu və komanda var idi. Portuqaliya, Almaniya, Argentina, İtaliya... Belə bir çağın parçası olduğum üçün xoşbəxtəm".
Eysebio "Real"a niyə keçməyib?
60-cı illərdə "Real" onu transfer etmək istəsə də, sonradan bu istəyindən vaz keçib. Səbəb isə sağ dizinin zəifliyi olub. Bu da səbəbsiz deyil. Çünki Eysebio sağ dizindən düz 6 dəfə əməliyyat olunub. Ölənə qədər bədəninin bu hissəsindəki çapıqlar qalıb və əməliyyatın izləri ona əziyyət verib.
Afrika sevgisi
"Qara inci" ləqəbli ulduz Afrikaya bağlılığını 2010-cu ildə CAR-da keçirilən dünya çempionatından öncəki çıxışında göstərmişdi: "Bir Afrika ölkəsinin dünya çempionatına ev sahibliyi etməsinə görə fəxr edirəm. Bu təkcə CAR üçün deyil, bütün qitə üçün qürur duyulacaq bir yarışdı. Afrikada doğulan hər kəs üçün ilk dəfə futbolun ən böyük yarışı qitələrində keçiriləcək. Bu çox önəmli hadisədi".
Unudulmayan Mozambik
Ölənə qədər Mozambik vətəndaşlığından imtina etməyən Eysebio vətəni ilə bağlarını xeyir işlərinə dəstək verərək kəsməyib. FIFA-nın dəstəklədiyi "1GOAL" layihəsində yer alaraq 72 milyon afrikalı uşağın təhsil almasına yardımçı olub.
Eysibeo vətəni haqqında bu sözləri deyib: "Zamanla sayları azalsa da, orda da bir ailəm, dostlarım var. Qohumlarımın çoxu ölkəni tərk edib. Amma 6 nəfər hələ orada yaşayır. Vətənimə hər dəfə gedəndə işlərin daha da yaxşılaşdığını görürəm. İndi Afrikaya gedəndə çox sayda stadion, uşaq meydançaları görürük".
Eysebio nədən narazı idi?
Əfsanəvi futbolçu müasir futboldan narazı idi. Onun bir müsahibəsindəki bəzi fikirlərini təqdim edirik:
- Bu gün futbol sadəcə ticarətə xidmət edir. Matç saatlarını televiziyaya görə müəyyənləşdirirlər. Futbolçular əlbətdə çox yaxşıdı. Bu gün bir futbolçu böyük pullar qazanacağı müqavilə imzaladıqda çox sevinirəm. Çünki bunun əsasını mənim dövrümdəki futbolçular qoyub. İndiki futbola hörmətlə yanaşıram, amma mənim dövrüm daha yaxşı idi. Futbol yaxşılığa doğru getmədi, sadəcə dövran dəyişdi. Toplar, formalar, məşq taktikaları... Pele, George Best, Qarrinça bu günkü imkanlarla daha yaxşı futbolçu olardı.
- 1962-ci ildə "Real"ı 5:3 hesabı ilə yendiyimiz matçda meydan çamur içində, topun ağırlığı 1 kilo idi. Bax bu səbəbdən Pele və Qarrinçanın bu gün daha yaxşı futbolçu ola biləcəyini deyirəm. Onların butsları "Adidas"ın xüsusi istehsal etdiyi ayaqqabılar deyildi. Eyni butsu bütün yarışlarda geyinirdik. Bəzən butsları çıxaranda ayaqlarımız qan içində olurdu. Mənim zamanımda da pul alırdıq, amma bu işi daha çox sevdiyimiz üçün görürdük.
"Portuqaliya uğursuz deyil"
Eysebio Portuqaliya yığmasının böyük turnirlərdə uğursuz çıxış etməsi fikri ilə razı deyildi: "Çoxları Portuqaliyanın aşağı yaş qruplarında qazandığı çempionluqlardan danışmır. İnsanlar Portuqaliyaya və yetişdirdiyi super futbolçulara baxarkən bu oyunçuların nə qədər kiçik bir ölkədə yetişdiyini də unutmamalıdı. Bu şərtlər altında uğur qazanmaq asan deyil. Portuqaliya klubları avrokuboklarda uğur qazanır, amma milli komanda səviyyəsində bunu etmək olmur. Portuqaliya və Braziliyanı müqayisə edəndə, böyük fərq ortaya çıxır. 1966-cı ilə gəlincə, həmin vaxt yığmanın heyətində Afrikadakı koloniyalardan gəlmiş 4 futbolçu var idi. İndi bu ölkələrin öz yığmaları var və Portuqaliyaya ordan oyunçu gəlmir".
"Ronaldo da mənim kimidi"
Eysebio Portuqaliya futbolunun yeni ulduzu Ronaldo barəsində də danışıb: "Onu çox yaxşı tanıyıram. Hamıya örnək olan bir peşəkardı. Çox çalışır. "Real"ın bütün oyunçuları məşq bitdikdən sonra çıxıb gedir, Ronaldo isə tək başına cərimə zərbələri üzərində çalışır. Mən də komanda yoldaşlarım evə gedəndən sonra tək başına məşq edirdim. Ronaldo mənim kimidi".
"Qara inci" Ronaldonun Portuqaliyanın ən böyük futbolçusu olub-olmayacağı ilə bağlı suala belə cavab verib: "Mən futbolçuyam, şərhçi deyiləm. 7 dəfə Portuqaliyanın ən yaxşı futbolçusu seçilmişəm, dünya çempionatının bombardiri olmuşam, FIFA-nın hazırladığı siyahıda 10 ən yaxşı futbolçu arasına düşmüşəm. Bunlar sadəcə haqqımdakı gerçəklərdi. Bu göstəricilərə başqa birinin imza atıb-atmayacağını bilmirəm. Bu sizin işinizdi".
Fanat.az