"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov istefa verib. Fanat.az xəbər verir ki, sabiq FIFA referisi istefa ərizəsini klubun prezidenti Sadıq Sadıqova təqdim edib.
Onun komandadan ayrılmaq istəməsinin səbəbi isə Topaz Premyer Liqasında XX turunda “Xəzər Lənkəran”la 2:2 hesabı ilə başa çatan oyunla bağlıdı. Belə ki, Süleymanov oyundan sonra verdiyi açıqlamalarında baş hakim Rəhim Həsənovu qərəzli qərarlarda suçlamışdı. Buna görə də İntizam Komitəsi onu 10 oyunluq cəzalandırmışdı. Üstəlik, klub Süleymanovun bu əməlinə görə 20 min pul cəriməsi ödəməli idi. Tahir Süleymanovun cəza müddəti başa çatsa da, indiyə kimi para cəzası ödənilmədiyi üçün onun tribunadan matçı izləmək ixtiyarı yoxdu.
Vitse-prezident istefasının səbəbini belə izah edib: "Son vaxtlar "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. İstəmirəm ki, mənə görə "Neftçi"yə ziyan dəysin. Bilirsiniz ki, cəza müddətim başa çatsa da, AFFA İntizam Komitəsinin qərarına görə yenidən "Neftçi"nin oyunlarını canlı izləmək hüququndan məhrum olmuşam. Görünür, Azərbaycan futbolunun problemi Tahir Süleymanovla bağlı imiş. Buna görə də özümə borc bildim ki, istefa verim".
Lakin böyük ehtimalla Sadıq Sadıqov istefa ərizisini qəbul etməyəcək və Tahir Süleymanov "Neftçi"dəki işini davam etdirəcək.
Fanat.az