Tahir Süleymanov
Kiprdə söz verdiyimiz kimi, bütün türk dünyasının başını uca edib APOEL üzərində (deyilənə görə, həmin il onlar Çempionlar Liqasının 1/4 finalına çıxmışdılar) möhtəşəm qələbə qazanıb Azərbaycan futbolunda tarix yazdıqdan sonra xaricdən futbolçularımıza maraq artmışdı.
Zaman keçdi, Dubay şeyxlərindən zəng gəldi Vobaya görə. Böyükağa Hacıyevin sözü olmasın, “Vobilini” götürüb üz tutduq Ərəbistana. Kimisi Dubaya QUŞ aparır, kimisi xalqın sərvətini xaricə daşıyır. Mən isə şeyxlərlə görüşüb, Dubay neftinin pullarını vətənə gətirmək üçün getmişdim. Elə də oldu, bir xeyli vəsait gəldi ölkəmizə. Bu da bir ilk idi.
Fürsətdən istifadə edib, qədim ərəb torpaqlarını gəzmək istədiyimi bildirdim. Şeyxlər sözümü yerə salmadı. Dubaydan xeyli uzaqlaşdıq. Ucu-bucağı görünməyən səhralıq çıxdı qarşımıza. Sanki klub futbolumuzun dünənini, Avroliqada bir mərhələ keçib toy-bayram olunan günləri xatırladırdı. Sarı rəngə bürünmüş dumanlı torpaq. Xeyli seyr etdim. Birdən uzaqdan gələn karvan göründü. Bütün zamanlarda olduğu kimi, öz dəyişməz yolu ilə gedirdi. Dəvələrin yerişində bir məğrurluq, özünəinam var idi. Zəhmətkeş, əməksevər, dözümlü, qabağı görənliyiylə seçilən DƏVƏ hec vaxt yolundan dönməz. İrəli baxar, yolunu azmaz və hər zaman bütün çətinliklərə baxmayaraq, mənzil başına yetişər. Karvan yaxınlaşdıqca daha əzəmətli görünürdü. Nə olardı bizim də futbol karvan kimi düzənli, məqsədyönlü olardı.
Birdən DƏVƏlərdən öndə olanı bir dəvəQUŞunun başını qumluğun dərinliyinə soxub nəsə axtardığını görür. DƏVƏni təəccub bürüyür, görəsən, bu istinin cırhacırında dəvəQUŞu başını niyə yerə soxub?
Və başını qaldırıb soruşdu:
- Neynirsən, nə axtarırsan?
DəvəQUŞu haray-həşir salır:
- Sağlığında ölmüş birinin meyidini axtarıram. "Rumka" da gətirmişəm, “sağlığına” yüz qram vurum.
DƏVƏ heyrətlənib ona məsləhət verməkdə davam edir:
- Yerin altında sağlam birisi olmaz. Olsa-olsa əcdadlarımızın sümüyünü tapa bilərsən. Onlar da çoxdan rəhmətə gedib. Kimisi cənnətə, kimisi cəhənnəmə. Onu da sən, mən bilmərik, ALLAH bilər.
DəvəQUŞu inadından dönmür:
- Sənlik deyil, mən bilirəm sağ hardadı, ölü harda. Haqq-ədalət bərqərar olur, həqiqət anı yetişir, yüz qram vurmalıyam.
DƏVƏ görür ki, bu yazıq özündə deyil:
- Yerin üstünü qoyub, altında nə işin var?
DəvəQUŞu sakitləşmək bilmir:
- Heyf, görmədik o günü. "Ölməyə" vaxt tapdı. Ərəşəti-mənşər qoparacaqdıq. Bu gözəl anları yaşamaq qismət olmadı bizə. Günah özümüzdədi, "şou" düzəltdik ki, getməlisən. Elə bildik, o birilər kimidi, yapışıb vəzifədən əl çəkməyəcək.
DƏVƏ dözmür:
- Niyə hamını özünə tay tutursan? Belə isterika olar? Özünə niyə əl qatmısan, ay başını yerə soxum, başını soxma yerə. Ay bədbəxt, sənin bu dünyada məqsədin-məramın nədi? Başqaları tarix yazır, sənin niyyətin başını yerə soxmaqdı...
DəvəQUŞu özünə əl qatır:
-Yox! Tarixi kim yazırdısa yazardı, təki o sağ olmamış sağ yazmayaydı. Bütün strategiyamızı məhv etdi. Xəbərin yoxdu sənin. Dağ çəkib o bizə. Karvanla yoluna davam edən DƏVƏ məsləhətlərin xeyri olmadığını görüb dillənir:
- QUŞun qabağına bir dəvə sözünü əlavə etmisən, elə bilirsən sən də DƏVƏsən, yolundan dönməzsən, həqiqət carçısısan. Biabır eləmə özünü. Ətrafında olan DƏVƏlərlə haqq-salamımız var. Başını soxmusan quma dal... Əstəğfürullah. ALLAH şeytana lənət eləsin, arxandan xəbərin yoxdu. Göydən bir "sellofan" xiyar düşər, "çibuş"da öz yerində... Hamının adından danışa-danışa başını soxma bilmədiyin yerə. QUŞun QUŞ yeri var, DƏVƏnin DƏVƏ. ALLAH sənə dəvəquşu adı verib ki, DƏVƏlərin kölgəsinə sığınasan. Aradabir də QUŞluğundan istifadə edib, yumurta buraxasan. Amma “lax” yumurta yox, saf yumurta.
DƏVƏ öz dəyərli kəlamlarını deyib, uğur karvanını dalınca aparırdı. Bizim də geri dönmək vaxtımız idi. Yolboyu düşüncələrə dalmışdım. Görəsən, TANRI niyə başını yerə soxanlara dəvəquşu adını qoyub? Deməli, DƏVƏlərin dəyərinin bilinməsi üçün ara-sıra dəvəQUŞularının QUŞlaması lazım.
YARADANı tanımayana lənət. Deyirəm nə yaxşı ki, QURBAN olduğum DƏVƏlərimizi yox eləməyib. UĞUR KARVANIMIZIN YOLUNU DAVAM ETDİRİRLƏR. DəvəQUŞular QUŞlasa da belə.
Deyirlər diriyə də rəhmət düşür. ALLAH niyyəti təmiz, haqqı-nahaqqa verməyən həqiqət carçılarının hamısına rəhmət eləsin. ALLAH bütün qəlbləri şeytandan uzaq eləsin. AMİN.
komanda.az