Elita təmsilçiləri 18-ci tur çərçivəsində münasibətlərinə aydınlıq gətirib istirahətə yollandı. Yeni ilə təlim-məşq toplanışı ilə başlayacaq, heyətdəki çatışmazlıqları qaydaya salmağa çalışacaq komandaların hazırki “futbol ili”nin geridə qalan bölümündə necə göründüyünü, Premyer Liqanın ümumi mənzərəsəini Ağasəlim Mircavadovla müzakirə etdik.
-Fərqli sistemlə start götürən çempionat xoşunuza gəldi?
-Fürsətdən istifadə edib xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, ölkəmizə və futbolumuza yeni ildə uğurlar, yüksəlişlər arzulayıram. Mübarizə, gərginlik baxımından hər şey qaydasında idi. Məncə, maraqlı alındı.
-Bəs bəyənmədiyiniz nə oldu?
-Əlbəttə ki, azarkeşlərin tribunaları boş qoyması. Bilirsiz, onları da qınamalı deyil. Stadionlarda seyircilərə şərait yaradılmalıdı. Heç olmasa, əllərinə yumağa su tapmalı, təmiz oturacaqlarda əyləşməlidilər. Ancaq başqa səbəblər də var. Bəziləri işini atıb futbola baxmağa gedə bilmir. Bölgələrdə vəziyyət yaxşıdı. Oyunlar boş tribunalar qarşısında keçirilmir. İlk pillədə məskunlaşan “Qarabağ”ın sərgilədiyi baxımlı oyuna 30 mindən artıq azarkeş tutumu olan stadionda uzağı 3 min adamın canlı baxması isə üzücü görüntüdü.
-Ən yaddaqalan görüş adlandıra biləcəyiniz matç hansı idi?
-“Qarabağ” – “Qəbələ” oyunu. Ağdam komandası 4:3 hesabı ilə qalib gəldiyi görüşü deyirəm. Olduqca dramatik alındı. 4 top fərqi ilə rəqibini yenən meydan sahibləri son 20 dəqiqədə 3 top buraxdılar. Hələ oyun bərabərliklə də bilərdi. “Qarabağ”ın kapitanı topu boş qapıdan çıxardı. Çox həyəcanlı qarşılaşma idi.
-İzləyərkən televizoru söndürmək və ya stadionu tərk etmək istədiyiniz qarşılaşma necə?
-Televizoru söndürməmişəm. Amma darıxdırıcı oyun izləmişəm. Hansı qarşılaşma olduğunu deməyəcəm. Həmkarlarıma qarşı hörmətsizlik olar.
-Turnir cədvəlindəki düzüm haqda fikirlərinizi eşidək.
-Hər şey qanunauyğundu. Hərə layiq olduğu pillədədi.
-Sizcə, “Qarabağ” çempionluğa ən real namizəddi?
-Bəli, real namizəddi. Liderliyi oyunu ilə ələ keçirib. Əsas rəqiblərini öz aralarındakı oyunlarda məğlubiyyətə uğradıb. AZAL və “Bakı”ya uduzmaları, ortabablarla oyunlarda xal itirmələri faktdı. Amma zəngin heyəti, yaxşı oyun tərzi ümidvericidi. Yersiz xal itkiləri olmasaydı, indi böyük fərqlə ilk pillədə olardılar. Avropada oynamaq, Avroliqanın qrupuna düşmək istəyirlərsə, yaxşı hazırlaşmalı, 2-3 yeni transfer etməlidilər.
-“Qəbələ”dən nə gözləyirsiz? Yuri Syominin oyun fəlsəfəsini incələməyə hazırsız?
-Təbii.
-Onda buyurun.
-Syominin komandasında sanki orta xətt yoxdu. Nə mənada? Yarımmüdafiə zonasında bacarıqlı oyunçular olsa da, əsas yük hücumçuların üzərindədi. Yarımmüdafiədə top saxlamırlar və həmlələr ön xətt oyunçularının fərdi ustalıq səviyyəsi hesabına qola çevrilir. Bu mənada Daniel Subotiçlə Viktor Mendinin adını mütləq çəkməliyik. Düzdü, güclü orta sahə fiqurları da var. Lorentso Ebesilyo, Dodo çox şeyə qadirdi. Çempionluğa oynayan “Neftçi” və “Qarabağ”a şəxsi oyunlarda uduzublar. Syomin özü də daimi liderlərdən zəif olduqlarını söyləyib. Məqsədləri mükafatçılar sırasına düşməkdi. Potensialları yetər. Güclü transferlər edib çempionluq uğrunda da döyüşə bilərlər.
-“Neftçi”dəki enişi nə ilə əlaqələndirək?
-Çempion yaxşı heyətə malikdi. Nikolas Kanaleslə Culius Vobayın isə yeri görünür. Məşqçi dəyişikliyi həmişə ümumi ab-havaya təsir edir. Komanda bu mövsüm intizamsız görünür. Nədənsə, tez-tez “qırmızı” alırlar. İntizamsızlıq da nəticələrdə özünü göstərir. Qol vəziyyətlətinə az girmirlər. Hücumları Kanales kimi tamamlayan yoxdu. Liderdən uzaqlaşmayıblar, qış toplanışında problemlər üzərində işləyib aradan qaldırmalıdılar.
- “İnter” və Milinko Pantiçli “Bakı” isə hərəyə 27 xalla növbəti yerləri bölüşür.
- “Bakı”nın ən böyük problemi qeyri-sabitlikdi. Güclü futbolçuları var. İstər yerli, istəırsə də əcnəbilərin ustalıq səviyyəsi qaydasındadı. Pantiçin komandası isə hər dəfə fərqli oyun göstərir. Baş məşqçinin mətbuata dediklərini oxuyuram. Həmişə hamıya öyrətməyə çalışır. Bu cür şəraitlə lazım olanda öyrənmək və yaxşı oynamaq lazımdı. Qeyri-sabitliyi aradan qaldırmalıdı. Məncə, özlərindən yuxarıdakılatdan xal fərqi çox olmasa da, Avroliqaya vəsiqə uğrunda oynayacaqlar.
-“İnter”dən danışmadız…
-Onların çempionata belə pis başlaması mənim üçün gözlənilməz oldu. Sonradan sürət yığıb vəziyyəti düzəltdilər. Məğlubiyyətlərinin sayını nəzərə alsaq, hansı oyunlarda xalsız qaldıqlarını xatırlasaq, indiki durumu qənaətbəxş saymalıyıq. Elə startdan sonra lap pis ola bilərdi.
- İddialı statusu daşıyanlar arasında “Xəzər Lənkəran”ın adı belə yoxdu. İki ortabablarla autsayderlərin arasında qərarlaşan cənubluları siz də çalışdırmısız. Niyə bu vəziyyətə düşdülər?
-Alınmadı. Con Toşakla iş birliyi istənilən effekti vermədi. Lənkərandakı stadionun tribunalarını dolu görməyə adət edən adam üçün 3-5 min azarkeşin matça baxması üzücü vəziyyətdi. Mustafa Dənizliyə hörmətim böyükdü. İstəyərəm ki, komandanı uğurlara daşısın. Orda çalışan məşqçi hər şeyi nəzərə almalıdı. “Xəzər Lənkəran”da istedadlı oyunçular top qovmalı, komandanı uğura daşımalıdılar. Nildo AZAL-da oynadığı futbolu orda göstərə bilməz. Çünki hər kollektivin hədəflərinə uyğun oyunçu seçimi olmalıdı. Dənizli bu amilə mütləq diqqət yetirməlidi. Əlbəttə, Lənkəran təmsilçisini 8-ci yerdə görmək xoş deyil. Yanvarda heyətdə islahatlar aparılmalı, pulunu alıb oyunu yola verən oyunçular yox, ruhən özünü komandanın bir parçası sayan futbolçular gətirilməlidi. Sirr deyil ki, yubiley ilində çempionluq arzusu real deyil. Bacardıqca yuxarı yerlərə can atmalıdılar. Hələ hər şey bitməyib. Dənizlidən çox şey asılıdı.
- Keçək, iddialılarla bərbad mövsüm keçirən lənkəranlıların arasında qərarlaşanlara…
-Qısaca deyim ki, AZAL bu büdcə ilə yaxşı futbolçuları qoruya bilmir və baş məşqçi “əlindəki materiallar”dan döyüşkən komanda qurub. Çoxlarına başağrı olurlar, intizamlı oynayırlar. “Simurq” da möhkəm kollektivdi. Mövsümün xeyli hissəsini Zaqatalada oynamadıqlarına görə daha çox xal toplamamaları başadüşüləndi. Öz stadionlarının ot örtüyü dəyişdiriləndən sonra çıxışlarında aşkar irəliləyiş hiss olunur. Çempionata rəng qatan komandadı. Həmişə çətin rəqiblərdən sayılıblar.
- Şahin Diniyevli “Rəvan” və “Sumqayıt” uyğun olaraq son yerlərdə məskunlaşıb. “Zirzəmi”dən çıxmaq şansları nə dərəcədə çoxdu?
- “Rəvan”ın qış fasiləsi ərəfəsində orta pillələrdə olacağını düşünürdüm. Əvvəlki məşqçilər lazım olan futbolçularla güclənməyiblər və bu əsas amildi. Şahin müəllim qışda çox şeyi dəyişməlidi. Yəqin zəif oyunçuları göndərəcək. “Sumqayıt” da heyətinə görə başqalarına uduzur və sonuncu yerdə qərarlaşmasını sürpriz saymıram.
-18 turda fərdi cəhətdən “artıran” futbolçu oldumu?
-Vaqif Cavadovun “İnter”dəki oyunu göz önündədi. Həm qol vurur, həm də məhsuldar ötürmələr verir. Hər futbolçunun öz yerini tapması vacib şərtdi. Kaxaber Tsxadadze onu bəzi taktiki tapşırıqlardan azad etdi və kapitan sarğısını verib özünəinamını artırdı. Vaqif “Qarabağ”da “Tvente”yə gedənə qədər necə oynayırdısa, indi həmin formadadı. Üstəlik, təcrübəsi də artıb.
- Həmişə iddialı komandaları çalışdırmısız. İşsiz qalmaqdansa orta səviyyəli elita təmsilçilərindən birinin “sükanı arxası”na keçmək yaxşı deyilmi?
-İşləməyə həmişə hazıram. Heç çalışdığım yerlərdə pul məsələsini də önə çəkməmişəm. Elə olub ki, boş müqavilə kağızına qol çəkib, “gedin istədiyiniz məbləği yazın” demişəm. Söhbət çempionluq iddiasından yox, hədəfdən gedir. Sevmədiyim klublar nə etmək istədiyi bilinməyənlərdi. “Bakı fəhləsi”ndə çalışdığım dönəmdə də pulumuz çox deyildi. Bilirdik ki, həmin şəraitlə çempionluqdan danışmaq müşkül məsələdi. Ancaq hədəfimizi müəyyənləşdirdik, “İntertoto” kubokuna vəsiqə qazandıq. Uşaqların istəyi və ailə ab-havası hesabına məqsədimizə çatdıq.
-Autsayderin baş məşqçisi olmaq təklifi alsaz razılaşarsız?
-Bir daha deyirəm, mövsümdən-mövsümə hədəf dəyişməyəndə o komandada işləməyin adı yoxdu. Tutaq ki, bir kollektivi elitada saxladıq. Bəs sonra? Yəni məqsəd açıqlanmalıdı ki, işini hansı yöndə quracağını da biləsən. Planlı iş başqadı.
NİHAT, "Futbol+"