"Əsas məqsəd qələbədi" - MÜSAHİBƏ

"Əsas məqsəd qələbədi" - MÜSAHİBƏ
Azərbaycanın U-23 milli komandası və “Synergy Baku” kontinental komandasının üzvü Tural İsgəndərov “Tour de Azerbaidjan” veloyürüşünün rəsmi saytına müsahibə verib. 
- Bu mövsüm kifayət qədər inamlı təsir bağışlayırsınız. “Synergy Baku”nun sizin çıxışlarınıza təsiri nədən ibarətdi?
- “Synergy Baku” mənim üçün böyük məktəbdi. Biz Avropa, Asiya və Okeaniyada bir neçə yürüşdə iştirak etmişik və əksər hallarda komandamızın üzvləri fəxri kürsüdə yer alıblar. Təbii ki, ətrafında güclü komanda və peşəkar idarəetmə sistemi olanda, istənilən idmançı inkişaf etməyə başlayır.
- Yürüşdən və mərhələdən asılı olaraq sizin qarşınıza qoyulan məqsədlər dəyişirmi?
- Bu sanki bir oyundu. Həmişə istənilən yarışa və mərhələyə hazır olmaq və uygunlaşmaq lazımdı. Hər şey məşqçidən asılıdı - o bizim qarşımıza müəyyən tapşırıqlar qoyur. Amma əsas məqsəd təbii ki, qələbədi.
- Daha təcrübəli komanda yoldaşlarınla münasibətlərin necədi?
- Açığını desəm, onlarla bir komandada yer almaq mənim üçün əla imkandı. Mən onlardan çox şey öyrənirəm. Komanda yoldaşlarımla bir yerdə olanda, dincələndə, bir fincan qəhvə ətrafında toplaşanda belə onlardan nə isə öyrənmək mənə çox maraqlı gəlir.
- “Tour de Azerbaidjan”veloyürüşündə iştirak etməyi planlaşdırırsınızmı?
- Biz hamınız bu yarışda iştirak etmək istərdik. Bir azərbaycanlı kimi öz vətənimi bu turda təmsil etməyi çox arzulayıram. Komandaya layiq olmaq üçün çox çalışmışıq. Bu yarışdan öncə mən Moskvada da yürüşdə iştirak etməliyəm. Azərbaycana aprelin sonralında qayıdacam.
- Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün nələri etmək lazımdı?
- Bu cür suallara cavab verərkən həmişə səmimi olmağa çalışıram. Çünki Olimpiya Oyunlarına lisenziya qazanmaq hər hansı bir yürüşdə qalib gəlməkdən daha çətindi. Bu çoxillik karyeranın və qazanılan lisenziya xallarının sayəsində mümkün ola bilər. Hər halda, Rio-2016-ya lisenziya mənim əsas məqsədlərimdən biridi.
tourdeazerbaidjan.com
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər