"Futbolçu fabriki" adlandırılan "Ayaks"ın dünya futboluna son hədiyyəsi həm oyun üslubuna, həm də fizki xüsusiyyətlərinə görə Dennis Berqkampı xatırladan Davi Klaassen oldu. Oynadığı 10 matçda 7 qol vuran gənc oyunçu artıq dünya nəhənglərinin hədəfindədi.
Dünya futboluna akamiyasından bir çox ulduz bəxş edən "Ayaks"ın gənc istedadı 20 yaşında olmasına rəğmən baş məşqçi Frank de Burun ən çox güvəndiyi oyunçulardan biridi. Baş məşqçinin 10 oyunda şans verdiyi Klaassen bu etimadı artıqlaması ilə doğruldub. Yarımmüdafiəçi ona olan inamın "Ayaks" kimi komandanın heyətində 7 qol vurmaqla boş yerə olmadığını göstərib. "Yeni Berqkamp" adlandırılan futbolçu oynadığı mövqe, topa nəzarət, zərbələri və ötürmələri ilə əfsanəvi həmkarını xatırladır.
"Ayaks"ın dünya futboluna bəxş etdiyi ulduzlardan biri, hazırda komandaya başçılıq edən Frank de Bur yeni ulduz haqqında fikirlərini bildirib və onun çox istedadlı olduğunu deyib: "Meydanda boşluqları çox yaxşı görür və izləyiciləri öz təsiri altına salır. Çox ağıllı oyunçudu".
Hollandiyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinən və liderlik bacarığını ortaya qoyan Klaassen oyun qurmaq bacarığı ilə yanaşı, orta sahədə müdafiəyə meyilli oyunu ilə də özünü göstərə bilir.
"Ayaks"ın keçmiş ulduzları da artıq azarkeşlərinin sevimlisinə çevirilməyə başlayan gənc istedadı öz himayələrinə götürüblər. Amsterdam klubunun canlı əfsanəsi Yohan Kruyff ötən il zədələnən Klaassenin "Barselona"nın sabiq həkimi tərəfindən müalicə olunmasını təmin edib. "Ayaks"ın akademiyasında çalışan Dennis Berqkamp isə bütün futbol biliyini gənc oyunçuya aşılamaqla məşğuldu.
Erediviziyanın VIII turundan etibarən ilk 11-likdə yer almağa başlayan yarımmüdafiəçi çıxdığı matçlarda vurduğu 7 qolla indidən çempionatın bombardirləri sırasına düşməyi bacarıb. Gənc holland dekabrın 7-də "Ayaks"ın "Breda"nı 4:0 hesabı ilə yendiyi matçda het-trik edərək komandasının qış çempionu olmasında böyük pay sahibinə çevirildi.
Futbol mütəxəssisləri gənc oyunçunun bu performansını davam etdirəcəyi halda gələn il Braziliyada keçiriləcək dünya çempionatına qatılacaq Hollandiya millisinin heyətində özünə yer edə biləcəyini düşünür. "Arsenal" və "Liverpul"la yanaşı, Avropanın bir çox böyük klublarının Klaasseni transfer siyahasına saldığı bildirilir. Onun "Ayaks"la 2016-cı ilədək müqaviləsi var.
Fanat.az