Niyə bizimkilər kitab yazmır? - məşhurların cavabı

Niyə bizimkilər kitab yazmır? - məşhurların cavabı

Dünya futbolunun tanınmış simalarının avtobioqrafik kitablarla oxucuların görüşünə gəldiyini tez-tez eşidirik. Deyvid Bekhem, Joze Morinyo, Aleks Ferqyüson, Mario Balotelli, Zlatan İbrahimoviç və başqalarının dilindən qələmə alınanları sevə-sevə oxuyanları başa düşmək çətin deyil. Bəs görəsən Azərbaycan futbolunun məşhurları oxşar addım atmaqda maraqlıdımı? Niyə bizimkilər əcnəbi həmkarlarının yoluyla getmir? Suallara cavab almaq üçün yerlilərə üz tutduq.

 

 

Ağasəlim Mircavadov: “Nə deyim, bu haqda heç vaxt fikirləşməmişəm. Açığı, başıma gələnləri qələmə almaq mənim üçün maraqlı olmayıb. Yalnız iş haqda düşünmüşəm. Belə desək, futbol ədəbiyyatları oxumağı sevirəm, yenilikləri yaxından izləməyə çalışıram. Hazırda işsizəm, yenə eyni qaydada öz sahəmlə maraqlanıram. Hərdən Çingiz Abdullayevin əsərlərini oxuyuram, muğamlara qulaq asıram. Ancaq kitab yazmaq mənlik deyil. Bilirsiz, xaricdəkilərə baxmayın, bizdə hər şeyə “mız” qoymağı xoşlayırlar. Bir dəfə məndən soruşdular ki, Con Toşak kimi Lənkəranda velosiped sürərdiz, dedim yox. Təbii ki, sürmərəm. Velosiped yaxşı şeydi. Ancaq biz azərbaycanlılar onu gənc yaşlarında sürməyi xoşlayır də. Bu gün avtobioqrafik kitabı da oxumaq əvəzinə, söz-söhbət yaratmaq üçün vərəqləyərlər”.

 

Şahin Diniyev: “Futbol həyatımla bağlı gündəliyim var. Başıma gələnləri özüm üçün yazmışam. Övladlarıma, yaxınlarıma qalsın deyə, saxlayıram. İctimaiyyətin ixtiyarına verilməsi üçün tələbat yoxdu. Tələbat olmayandan sonra çap etdirməyə ehtiyac da görmürəm. Söhbət yalnız məndən yox, yaxın keçmişin azərbaycanlı futbolçularından gedir, biz o qədər də şöhrətli deyilik. Kitabın maraqla qarşılanacağına da inanmıram. Adam gərək realist olsun. Anatoli Banişevski kimi böyük istedadın avtobioqrafik kitabı varmı? Beləyik də, nə keçmişimizə məhəl qoyuruq, nə gələcəyimizə baxırıq”.

 

Mahmud Qurbanov: “Xaricdə buna daha çox diqqət yetirirlər. Məncə, kitab şəklində nəsə hazırlasaq da oxucu diqqəti arzulanan səviyyədə olmaz. Əslində yaxşı ideyadı. Amma Azərbaycanda nə dərəcədə uğurlu alınacağını söyləmək çox çətindi. Hə, bizimkilər avtobioqrafik kitab yazmağa və yazdırmağa maraq göstərmir. Tənbəllik deməzdim, bəlkə də səhlənkarlıqdan irəli gəlir. Bu planı həyata keçirməkdə problem görmürəm. Sadəcə düzgün istiqamət götürmək vacib şərtdi”.

 

Yunis Hüseynov: “Yaxşı mövzuya toxunmusuz. Amma mən heç vaxt bu haqda düşünməmişəm. Həm də biz o qədər yüksək səviyyəli oyunçu olmamışıq ki, nəsə də yazaq və bu xalqa maraqlı gəlsin. Dünya ulduzlarına baxmayın, azərbaycanlı futbolçunun kitabını böyük maraqla qarşılamazlar”.

 

NİHAT, “Futbol+”

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər