Mamedov, doroqoy, eto je pozor...

Mamedov, doroqoy, eto je pozor...

İtaliyaya əzmkar yenilginin ardından futbol ictimaiyyətinin böyük qismi ümidlənsə də, yığmanın Xorvatiyada daha böyük hesabla uduzacağını proqnozlaşdırmaq çətin deyildi. Nəhənglər sırasına qoyulmasa da, heyətinə və sərgilədiyi sabit oyuna görə qitənin “divlər”indən geri qalmayan “dama-damalar”ın darmadağına yeriklədiyi hiss olunurdu.

Təmsilçimizin uduzmasında qeyri-adi nəsə axtarmağa dəyməz. Evə xalsız qayıdacağımızı AFFA-nın baş katibi, xarizması yaşadığı ölkənin mentaliteti ilə uzlaşmayan Elxan Məmmədov da bilirdi...

Söhbət Kamran Ağayevin qapısında 6 top çıxarmasından, futbolçularımızın çərçivəyə bir zərbə belə vura bilməməsindən gedir. Başıbəlalı ölkə futbolunun tarixinə Osiyek faciəsi kimi həkk olunan matçda millinin baş məşqçisi özünü sözün əsl mənasında biabır etdi. Seçmənin formasını geyənlərin potensialına bələd olan, Foqtslu yığmanın real gücünü özlüyündə müəyyənləşdirməyi bacaranlar 1-ci dəqiqədən ümidsizliyə qapılmalıydı və qapılmışdı. Əcnəbi çalışdırıcının “Qradski vrt”da 5-4-1 taktiki düzümünə bel bağlaması sadəcə, çarəsiz addım idi. Alman bu yolla 1-2 top buraxıb yenilgiyə yeni bəhanələr tapmağa hazırlaşırdı, alınmadı. Hər yenilgidən sonra günahı onun-bunun üstünə atmağa adət edən Foqtsun dili gec-tez gödək olmalıydı.

Apenninlilərlə matçın ardından “6 il əvvəl İtaliyaya qarşı oynasaydıq, 5-6 top buraxardıq” söyləməklə inkişafa nail olduğunu gözə soxmağa çalışan adamın bu dəfə “7 il əvvəl İtaliya və Xorvatiyayla üç gündənbir qarşılaşsaydıq, 0:11, 0:12 hesabıyla uduzardıq” söyləməsi isə daha qıcıqlandırıcı bəhanədi. Qocadan buna bənzər sərsəmləmələri çox eşitdiyimizdən uğursuz izahlarını şərh etməməyimiz məsləhətdi. Ya adam başını itirib, ya da hamını axmaq yerinə qoyub.

Maraqlıdı, görəsən AFFA-da vitse-prezident postunda əyləşən, verdiyi son müsahibədə millinin uğursuz çıxışına görə jurnalistləri suçlu çıxaran Elşad Nəsirov bu dəfə ünvanımıza hansı ittihamları səsləndirməyə hazırlaşır? Assosiasiyanın diplomatik təbəssümlər kralına heç olmasa, “Mamedov, doroqoy, eto je pozor” deməyə özündə cəsarət tapacaqmı? Çətin... Ara sakitləşəndən sonra Berti müəllimi seçmə tsiklin sonunadək postunda saxlamağa qərar versələr, təəccüblənməyin. “Almanlaşdırma siyasəti”nin yaradıcıları başa düşür ki, Foqtsun 2008-ci ilin yazından bəri yığmaya heç nə verə bilməməsi məhz öz uğursuzluqlarıdı. Klubların son vaxtlar Avroliqanın qrupuna “ayaq açması” isə işinin öhdəsindən gəlməyənlərin kim olduğunu üzə çıxarır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər