“İnter”in İlço Naumoskinin komandadan kənarlaşdırılması Makedoniya mətbuatının da diqqətini cəlb edib. Fanat.az xəbər verir ki, hücumçunun belə aqibətlə üzləşməsi vətənində təbii qarşılanıb. Həmkarlarımız heyətə düşməkdə çətinlik çəkən futbolçunun baş məşqçiyə lazım olmamasından yazıb.
Jurnalistlər daha 2 futbolçunun Azərbaycandan vətənə göndəriləcəyini düşünür: “Naumoski Azərbaycan karyerası başa çatan yeganə makedoniyalı olmaya bilər. İqor Mitreski və Nikola Qliqorovu da onun taleyi gözləyir. Lakin onlar klubları ilə gələn ay yolları ayıracaq”.
Həmyerliləri ilə bağlı proqnoz verən makedoniyalılar bunu onların heyətə düşməkdə çətinlik yaşaması ilə izah edir. Onların fikrincə, artıq neçə ildi “Neftçi”də çıxış edən Mitreski son vaxtlar heyətə düşə bilmir. Bu isə veteran futbolçu üçün Azərbaycanı tərk etməklə nəticələnə bilər.
Con Toşakın “Xəzər Lənkəran”a gətirdiyi Nikola da istənilən oyunu sərgiləmir. Sözügedən futbolçu vaxtının çoxunu ehtiyatda keçirir.
Makedoniyalılar daha bir həmyerliləri Edin Nuredinoskinin adını unudub. “Bakı”da heyətə düşə bilməyən futbolçunun da gedişini gözləməyə dəyər.
Qeyd edək ki, mövsümün arxada qalan 18 turunda Mitreski 7, Qliqorov 8 matçda forma geyib.
Fanat.az