"İlk azərbaycanlı qadın oldum ki..."  - MÜSAHİBƏ

"İlk azərbaycanlı qadın oldum ki..."  - MÜSAHİBƏ

Azərbaycanın qadınlardan ibarət karate millisinin üzvü, İspaniyanın Qvadalaxara şəhərində keçirilən Avropa çempionatının gümüş medalçısı Fəridə Əliyevanın Fanat.Az-a müsahibəsi

- Fəridə, nəhayət, sizdən gözlənilən nailiyyəti qazandınız. Avropa mükafatçısı olmaq necə hissdir?

- Düzü, heç nə hiss etmirəm. Sevincimi tam yaşaya bilmədim.

- Ətraflı...

- Finalı döyüşə bilməməyim mənə pis təsir etdi. Burnum sındığından, hakimlər və Dünya Karate Federasiyasının həkimi məni döyüşə buraxmadılar.

- Finaldakı rəqibi keçə biləcəyinizə inam nə dərəcədə idi?

- Həmin rəqiblə 10 il əvvəl İspaniyanın Qvadalaxara şəhərində keçirilən gənclərin dünya çempionatında da üz-üzə gəlib məğlub olmuşdum. Onda mən üçüncü, o, birinci olmuşdu. Başqa yarışların birində də qarşılaşıb uduzmuşam.

- Yəqin ki təbriklər çox oldu. Bəs ən yaddaqalan təbrik kimdən oldu?

- Doğrusu, mən idmanım barədə heç kimlə söhbət etmirəm. Son zamanlar bir dostum mənə çox motivasiya verirdi. Hətta demişdi ki, finala çıxmasan, bir də mənimlə danışma (gülür).

- Bu medal karyeranızın gələcəyi üçün sizə böyük motivasiya olmalıdı. Nə düşünürsünüz gələcək barədə?

- İlk azərbaycanlı qadın oldum ki, Avropa çempionatının finalına çıxdım. 2016-cı ildə komanda şəklində final olub, amma fərdidə yox idi. Bu, təbii ki, böyük motivasiyadır. Ancaq gələcəyi bilmək olmur. Mən həmçinin gənclərdə ilk dünya medalçısı xanımam.

- İki gümüş, iki bürünc medal... Komandanın çıxışını necə dəyərləndirmək olar?

- Komanda olaraq daha yaxşı çıxış edə bilərdik. Favorit idmançılarımız var idi. Amma çox çətin şəraitdə məşqlər keçdik. Belə vəziyyətdə onların məğlubiyyətini anlamaq çətin deyil.

- Çətinlik nə ilə bağlı idi?

- Federasiyada bəzi problemlər yaşandı. Yarışa üç həftə qalmış baş məşqçi dəyişdi. Bunlar da təbii ki, komandaya yaxşı təsir eləmədi. 

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər