Son vaxtlar “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun milliləşdirilməsi ətrafında gərgin müzakirələr gedir. Fanat.az ağdamlıların heyətində adından söz etdirən “sambaçı”yla bağlı həmkarlarımızın fikirlərinə də yer verməyi özünə borc bilir.
Natiq Muxtarlı : "Azərbaycanda səviyyəli futbolçu yoxdusa, AFFA-nın, klubların indiki idarəetmə sistemi ilə yaxın 20 ildə ölkədə Biləcəridən o tərəfə çıxacaq futbolçu yetişməyəcəksə, Reynaldonu milliləşdirməkdən başqa əlac yoxdu. Təkcə Reynaldonu yox, dişə dəyən bütün legionerləri milliləşdirmək lazımdı. Bu addım özündənrazı lovğa azərbaycanlı futbolçulara və "inkişaf var" deyən yaltaq idarəçilərə vurulan şillə olar".
Aydın Bağırov: "Deyək ki, hər şey qaydasına düşdü və o, bizə 1-2 il kömək etdi. Amma təkcə Reynaldo ilə Azərbaycan milli komandasının AVRO-2016-ya gedəcəyini düşünmək sadəlöhvlük olardı. O, indiki formasını saxlaya bilsə, millimizin müəyyən uğurlar qazanmasına kömək edə bilər. Amma gəlin nəzərə alaq ki, Reynaldo futbolçu ömrününün sonuna qədər bu cür yüksək səviyyədə qalmayacaq. Bəs, bundan sonra biz nə edəcəyik? Yeni Reynaldo axtarışına çıxacağıq? Əslində Reynaldonu milliyə cəlb etməkdənsə, onun səviyyəsində yerli futbolçuların yetişdirilməsi daha uyğun olardı. Amma təəssüf ki, bizdə əksər uşaq məşqçilərinin futbol təhsilinin bərbad halda olması, belə oyunçuların yetişdirilməsinə də imkan vermir. Ona görə də hələlik yeganə çıxış yolu xaricdən peşəkar və təcrübəli uşaq məşqçilərinin ölkəmizə gətirilməsi daha yaxşı olardı. Bəlkə ondan sonra biz millimizdə Reynaldo səviyyəsində yerli futbolçular görə bildik".
Elçin Cəlilov: “Mən Reynaldonun milliləşdirilməsinə “hə” deyirəm”.
Nihat Ağasoy: “Bu gün Azərbaycanda ikinci Reynaldo yoxdu. Gəncdi, istedadlıdı. Fərdi keçidləri, improvizasiya bacarığı göz önündədi. Üstəlik, əksər braziliyalılardan fərqli, tərbiyəsi də var. Onu Andre Ladaqa, Ernani Pereyra kimi milliləşdirilmiş oyunçularla müqayisə etməyə dəyməz. İndiyədək yığmaya cəlb edilən əcnəbilərin heç biri Reynaldo səviyyədə oyunçu olmayıb. Şübhəsiz, “Qarabağ”ın braziliyalısı yığmaya xeyir verər”.
Fanat.az