Topaz Premyer Liqasının XVIII turu “Xəzər Lənkəran” üçün növbəti dublla əlamətdar olub. Fanat.az xəbər verir ki, “Sumqayıt”la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn “Xəzər Lənkəran”ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub. Bu isə yayda transfer olunan futbolçunun “ağ-yaşıllar”ın heyətində 3-cü dubludu.
Etame "Xəzər Lənkəran"da dubl sayında Rahid Əmirquliyev, İvan Çvetkov, Allan Lalin və Edmond N`Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdu - 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.
Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu komandamızın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.
Ümumilikdə “Xəzər Lənkəran”ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.
“Xəzər Lənkəran”da ən çox dubla imza atan futbolçular
| 1. Zaur Ramazanov | 8 |
| 2. Vüqar Nadirov | 5 |
| 3. Samir Əliyev | 4 |
| 4. Rahid Əmirquliyev | 3 |
| 5. İvan Çvetkov | 3 |
| 6. Allan Lalin | 3 |
| 7. Edmond N`Tiamoa | 3 |
| 8. Mbilla Etame | 3 |
Fanat.az