Aleks Ferqyusonun yerinə böyük ümidlərlə gətirilib 6 illik müqavilə imzalanan, amma komandaya heç bir uğur qazandıra bilməyən David Moyesin "Mançester Yunayted" macərası 6 ay davam etdi. İngiltərə mətbuatı şotland mütəxəssisin uğur qazana bilməsinə mane olan 5 səbəbi müəyyənləşdirib.
1. Məşqçilər korpusundakı dəyişikliklər
Moyes komandaya gələn kimi məşqçilər korpusunda dəyişiklik etdi. Mike Pelan, Rene Meulensteen və Erik Steeleni yola salan şotland mütəxəssis "Everton"dakı köməkçilərindən Stiv Round, Cimmi Lumsden və Kris Vudsu yanına gətirdi. Beləliklə təcrübəli bir heyətin yerini doldura bilmədi.
2. Transfer siyasəti
İşə başladıqdan sonra istədiyi heyəti qurmaq üçün olduqca ləng davrandı. Bu səbəbdən istədiyi bütün futbolçuların transferi baş tutmadı. "Çelsi"də Jozu Mourinyonun güvənmədiyi Xuan Mata belə yanvarda transfer olundu. Nəticədə gecikmənin yaratdığı təlaşla sabiq komandası "Everton"dan Marouane Fellaini kimi orta səviyyəli oyunçular yüksək transfer haqqı qarşılığında heyətə qatıldı.
3. Oyunçularla dil tapa bilmədi
Moyes komandanın aparıcı futbolçularının dəstəyini qazana bilmədi. Məsələn, ötən mövsüm qazanılan çempionluqda əsas pay sahiblərindən biri olan bombardir Robin van Persi bu mövsüm olduqca zəif təsir bağışladı. Onunla Moyes arasındakı problemlər daim gündəmə gəldi. Şotland mütəxəssisin Rio Ferdinandla da münasibətləri normal deyildi. Futbolçu baş məşqçini açıq şəkildə tənqid etməkdən belə çəkinmirdi.
4. Taktiki zəiflik
İngiltərə mətbuatına görə, Moyesin taktika anlayışı "Mançester Yunayted" səviyyəli komanda üçün çox zəif görünürdü. Komandanın hücuma yönəlik oyun taktikası birdən-birə hücum zənginliyinin zəif olduğu taktikaya çevirildi. "Everton"un müdafiəyəmeyilli oyun anlayışı başa düşülən idi. Çünki orta səviyyəli komandalar böyüklərlə oyunlarda daha çox müdafiəyə fikir verməli olur. "Mançester Yunayted" kimi komandalardan isə daha hücum futbolu gözlənilir.
5. Derbilər
Moyes derbilərdə "Mançester Yunayted"ə uğur qazandıra bilmədi. "Liverpul" və "Mançester Siti"yə hər iki oyunda uduzdular, "Çelsi"yə bir matçda yenilib, digərində heç-heçə oynadılar. Böyük matçlar "qırmızı şeytanlar" üçün xəyal qırıqlığı oldu. Üstəlik Moyesin bu rəqiblərlə bağtlı açıqlamaları zaman-zaman azarkeşləri özündən çıxardı. Məsələn, o, "Liverpul"un "Old Trafford" səfərindən öncə rəqibin favorit olduğunu demişdi. Nəticədə "Mançester Yunayted" 0:3 hesabı ilə yenildi. Eyni hesabla "Mançester Siti"yə yenildikdən sonra bu komandanı örnək götürməli olduqlarını deməklə azarkeşlərin səbr kasasını daşırdı.
Fanat.az