Azərbaycan komandası Avropa üçüncüsü oldu

Azərbaycan komandası Avropa üçüncüsü oldu

Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.

Fanat.Az xəbər verir ki, çempionatın sonuncu günündə karateçilərimiz daha üç medal qazanıb. 18-21 yaşarası gənclərin kumite yarışında Əminağa Quliyev (-60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adına yiyələnib.

Hüseyn Məmmədli (-67 kq) və Mədinə Sadiqova (-55 kq) yarışları bürünc medalla başa vurub.

Bununla da karateçilərimiz Avropa birinciliyini üçü qızıl, biri gümüş, üçü isə bürünc olmaqla, 7 medalla tamamlayıb. Millimiz komanda hesabında yalnız Türkiyə və İtaliyadan geri qalaraq üçüncü olub. 

Xatırladaq ki, qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kq) və Rəşid Süleymanov (-63 kq) qızıl, 16-17 yaşlı gənclərdə Rumil Cəfərli (-76 kq) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (-47 kq) isə bürünc medala sahib olub.

Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.

Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər