"Atam deyir ki, babam azərbaycanlılarla rahat danışırmış" - Murad Musayev

"Atam deyir ki, babam azərbaycanlılarla rahat danışırmış" - Murad Musayev

"Bakının düz mərkəzində, yəqin ki, ən yaxşı yaşayış kompleksində yaşayıram".

Fanat.Az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev Bakıdakı həyat tərzi barədə "Match TV"yə müsahibəsində deyib.

Rusiyalı çalışdırıcı ailəsinin onu tez-tez ziyarət etdiyini açıqlayıb: "Ailəm hər ay bir həftəlik yanıma gəlir. Onlar burada olanda birlikdə gəzirik. Bakının heyrətamiz bulvarı, İçəri Şəhəri, dəniz mənzərələri və ləzzətli mətbəxi var. Uşaqlar hələ kiçikdir, biri 2 və digəri 3 yaşındadır. Onlara Krasnodarda uşaq bağçası, nənə və baba lazımdır. Yayadək belə olacaq, sonrasına baxarıq. Bakı ilə Krasnodar arasında birbaşa uçuşlar var. Yaxınlarımla görüşməkdə problem yoxdur, uçuş saatyarım çəkir".

39 yaşlı çalışdırıcı Ermənistanda və Azərbaycanın bədnam qonşularımız tərəfindən işğal edilmiş bölgələrində heç vaxt olmadığını və bu üzdən Azərbaycana girişlə bağlı problem yaşamadığını söyləyib: "Oralarda heç vaxt olmamışam. Hə, Azərbaycanda qonşularla münasibət mövzusu çox ağrılıdır. Gələndə anladım ki, müharibə nə qədər kədər gətirib. Şəhərin ətrafında müharibədə həlak olmuş hərbçilərin portretləri asılıb. İnsanların üzündə kədər hiss olunur. Mən şəxsən yaxınlarını itirmiş bir neçə ailə tanıyıram. Xoşbəxtlikdən hərbi əməliyyatlar başa çatıb və indi Azərbaycan dinc həyat sürür".

Musayev dil problemi yaşamadığını bildirib: "Özbək kökənliyəm. Amma türk dilində danışa bilmirəm. Atam deyir ki, babam azərbaycanlılarla rahat danışırmış. Burada dil problemi yaşamıram. Çünki həm komandada, həm də şəhərdə hər kəs rus və ya ingilis dilini başa düşür. "Sabah"da ispan və ingiliscə danışa bilən tərcüməçi var. Tapşırıqlarımı azərbaycanlı futbolçular üçün yerli köməkçilərim tərcümə edir".

Qeyd edək ki, ötən ilin oktyabrından "Sabah"a baş məşqçi təyin edilən Musayev Masazır təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər