Kriştiano Ronaldo növbəti yubileyini qeyd edib. Fanat.az xəbər verir ki, "Real"ın portuqaliyalı ulduzu 400-cü qolunu vurub. "Selta" ilə oyunda dubl edən futbolçu bu göstəriciyə çatıb.
Peşəkar karyerasına "Sportinq"də başlayan və "Mançester Yunayted"də özünü bütün dünyaya tanıdan Ronaldo 2009-cu ildə "Real"a tranfser olunub. Ötən il 69 dəfə fərqlənən Kriştiano ən çox qolu "Kral Klubu"nun forması ilə vurub. "Sportinq"də 5, Portuqaliya millisində 47, "Mançester Yunayted"də 118 dəfə fərqlənən futbolçu "Real"ın heyətində rəqib qapılarına 230 dəfə yol tapıb.
Ronaldo hazırkı "Real" tarixinin beşinci bombardiridi. Bu siyahıda birinci pilləni Raul tutur - 323 qol. Onu Alfredo di Stefano (305 qol), Karlos Santillana (289 qol) və Ferens Puşkaş (242 qol) izləyir.
Bu arada Ronaldo "Selta" matçında vurduğu qolları bir neçə gün əvvəl vəfat edən Portuqaliya millisinin əfsanəsi Eysebioya həsr etdiyini açıqlayıb: "Qollarım Eysebio üçün idi. Onunla çox yaxın idik və mənə çox köməyi olub. Eysebio mənim üçün bir əfsanə idi".
Fanat.az