Qurban Qurbanov mətbuat konfransında Lobanovskini xatırladı

Qurban Qurbanov mətbuat konfransında Lobanovskini xatırladı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Dnepr"lə oyun öncəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiyevdə mətbuat konfransı keçirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis Kiyevə oyundan 1 gün öncə gəlmələrinin səbəbini açıqlayıb.

- Qarşıdakı oyun barədə fikirlərinizi bilmək istəyərdik.

- Olduqca ciddi oyun olacaq. Çünki "Dnepr" çox güclü komandadı.

- Komandanızın heyətində xeyli milli üzvü toplaşıb. Bu səbəbdən də ölkə çempionatında güc futbolu tətbiq edirsiniz. Avropa Liqasının ilk 2 oyununda da hücumameylli futbol sərgiləmisiniz. "Dnepr"lə qarşılaşmada hansı üslubda oynayacaqsınız?

- Başa düşürük ki, bu oyun məsələn, "Sent-Etyen"ə qarşı görüşdən fərqlənəcək. Həmin qarşılaşmada biz həqiqətən də hücum etməyə çalışırdıq. Lakin bu dəfə səfərdə oynayırıq. Belə deyək, hər bir futbolçu meydanda nə etməli olduğunu biləcək. Lakin oyunun gedişatından asılı olaraq, taktiki dəyişikliklər baş tuta bilər.

- "Dnepr"dən kimləri tanıyırsınız? Elə Yevgeni Konoplyankanı götürək. Ona qarşı necə oynayacaqsınız?

- "Dnepr"in Ukrayna çempionatının lideri olması komandanın peşəkarlığından xəbər verir. Meydana çıxan hər bir oyunçu həm topla, həm də topsuz yaxşı davranmağı bacarır. Bu, istədiyimiz oyunu qurmaq üçün əngəl yaradır. Lakin biz yaxşı oynamağa çalışacağıq.

- Komandanızda zədəlilər var. Bu problemi necə aradan qaldırmaq fikrindəsiniz?

- Həqiqətən bu cür problemimiz var. Lakin diqqətimizi zədə problemlərinə yönəltsək, bu, bizə ancaq mane olacaq. Hesab edirəm ki, lazımı dəyişiklikləri etmişik və futbolçular öz funksiyalarını yerinə yetirə bilirlər.

- Milliniz son oyunda Xorvatiyada acı - 0:6 hesablı məğlubiyyət alıb. Yetirmələrinizdən bir neçəsi həmin görüşün iştirakçısı olub. Psixoloji cəhətdən bu zərbədən sonra özlərinə gələ biliblər?

- Tarixə nəzər salsaq bu, ilk belə məğlubiyyət deyil. Əlbəttə, bu məğlubiyyət Azərbaycanda geniş müzakirə olunur. Millinin oyunçuları, o cümlədən "Qarabağ"dan əsas komandaya ezam olunanların üzərlərində psixoloji təzyiq hiss edirlər. Uşaqların özlərinə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Eyni zamanda, bu cür uğursuzluqlardan ibrət çıxarmaq lazımdı. Meydanda maksimum konsentrasiyalı olmalısan, çünki istənilən səhv qapına qolla nəticələnə bilər.

- Ukraynada Azərbaycan çempionatını izləmək müşkül məsələdi. Lakin Avropa Liqasındakı oyunlarınıza əsaslanaraq, deyə bilərik ki, "Qarabağ" - məşqçi komandasıdı. Maraqlıdı, hansı mütəxəssisin baxışları sizə daha yaxındı?

- Suala görə təşəkkür edirəm. İnsanın fərdi xüsusiyyətləri özündən asılıdı. Daxilimdə bir hiss var və bu, məşqçi üçün ən vacib amildi. Elə məşqçilər var ki, onların əsərlərindən uzun illər sonra da faydalanırlar. Belələri sırasında Valeri Lobanovskini qeyd etmək istəyərdim. Onun ideyalarını İtaliya klubları bu gün də həyata keçirilər. Onlar müdafiədən oynamağı bacarırlar. Axı başlıca məqsəd nəticə verməkdi. Mütəxəssis daim öyrənməli və istənilən məşqçidən nəsə götürməlidi. Eyni zamanda öz səhvlərin üzərində çalışmalı və bundan nəticə çıxarmağı bacarmalısan.

- Adətən Avrokubok oyunlarına bir neçə gün əvvəldən gəlirsiniz. Bu dəfə isə matçdan cəmi 1 gün öncə gəldiniz. Səbəbini açıqlaya bilərsiniz?

- Əslində burda heç bir sirr yoxdu. Hər oyundan əvvəl neçə gün öncə gələcəyimizi müzakirə edirik. Kiyevə də əvvəlcədən planlaşdırdığımıza uyğun olaraq gəlmişik.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər