"İstəsəm siqaret də çəkərəm, araq da içərəm". Fanat.az xəbər verir ki, bu sözləri interpress.az saytına açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.
Qeyd edək ki, dünən "Bakı"nın futbolçularının istirahət zamanı çəkilmiş fotosunu yayıb. Şəkildə yığmamızın da üzvləri olan Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin arxasında əyləşdiyi masanın üzərində bir qutu siqaret də var. Bu gün isə Kamranın transferə çıxarılması barədə xəbər yayılıb.
Məsələyə münasibət bildirən Ağayev bunları deyib: "Allahdan başqa heç kimdən qorxmuram. İstəsəm siqaret də çəkərəm, araq da içərəm. Birincisi mən indiyə qədər siqaret çəkməmişəm. Çəksəm belə bu, heç kəsə mənim şəxsi həyatıma müdaxilə etmək hüququ vermir. Allah qarşısında vicdanım təmizdi. Düzdü, arada qəlyan çəkirəm. Belə xəbərləri yayanları Allaha tapşırıram".
Kamran başqa bir açıqlamasında "Bakı"dan kənarlaşdırılması ilə bağlı xəbərlə münasibət bildirib. Qolkiper bundan xəbərsiz olduğunu deyib.
Fanat.az