Avropanın böyük klublarına vaxtaşırı futbolçu ixrac edən, buna rəğmən əsla tükənməyən bir qaynağa sahib olan "Ayaks"ın yetişdirdiyi ulduzlar həmişə qitənin aparıcı klublarının formasını geyinib. "Futbol fabriki" hesab olunan klub Hollandiya millisinin bazası da hesab olunur. Bu yazıda "Ayaks"ın yetirməsi olan bəzi əfsanələrlə bağlı məlumat verəcəyik.
Hollandiyanın əfsanələri "Ayaks"da yetişir
Hazırda karyerasını davam etdirən Rafael van der Vaart, Elyero Elia, Qreqori van der Viel, Con Heytinqa, Nigel de Yonq, Maarten Stekelenburq, Uesli Sneyderlə yanaşı, Hollandiya yığmasının əfsanələri Yohan Kruyff, Marko van Basten, Dennis Berqkamp, Edvin van der Sar, Patrik Kluyvert, Frank Raykaard, Andre Ooijer, Edqar Davids, Klarense Zeedorf, Frank və Ronald de Bur qardaşlarını "Ayaks" futbol məktəbi dünya futboluna bəxş edib.
Kruyff əfsanəsi "Ayaks"da başladı
Hollandiyanın gəlmiş-keçmiş ən uğurlu futbolçularından biri hesab olunan Yohan Kruyff 10 yaşında başladığı "Ayak" karyerası ərzində 8 dəfə ölkə çempionu olub və 3 dəfə Çempionlar Liqasına sahib çıxıb. 17 yaşında Hollandiya millisində debüt edən əfsanəvi futbolçu 3 dəfə "Qızıl top"u qazanıb, Beynəlxalq Futbol Taorixi və Statistikaları Federasiyası tərəfindən "100 ilin ən yaxşı avropalı oyunçusu" elan edilib, dünya üzrə "100 ilin ən yaxşı futbolçusu" nominasiyasında isə Peledən sonra ikinci olub. Yohan DÇ-2014-ün "Qızıl top" mükafatına sahib çıxıb.
Qol maşını Marko van Basten
Fərqli zərbə stili və sərt vuruşları ilə bütün zamanların ən yaxşı qolçularından biri olan Marko van Basten də "Ayaks"da parlayıb. Bu komandada 133 matç keçirib 128 qol vuran əfsanə 3 dəfə Hollandiya çempionu olduqdan sonra "Milan"a keçmişdi. İtaliyada 2 dəfə Çempionlar Liqasının və 3 dəfə A Seriyasının qalibi olan van Basten 28 yaşında aldığı ciddi zədə səbəbindən karyerasını bitirməyə məcbur olmuşdu. Buna rəğmən, oynadığı dönəmdə 277 qol vuran hollandiyalı 3 dəfə "Qızıl top"a sahib çıxıb.
"Buz adam" Berqkamp
"Ayaks"ın futbol dünyasına bəxş etdiyi başqa bir əfsanə - Dennis Berqkamp 12 yaşından Amsterdam klubunun formasını geyinməyə başlayıb. Bu komandada Hollandiya çempionluğunu və UEFA Kubokunu qazanan Dennis öncə "İnter"ə, ardınca "Arsenal"a transfer olunmuşdu. FIFA tərəfindən iki dəfə "İlin ən yaxşı oyunçusu" seçilən holland texnikası və uzun məsafəli dəqiq zərbələri ilə məşhur olub. O, Pelenin "Yaşayan ən yaxşı 100 oyunçu" siyahısına da düşüb.
"Sneyper" Sneyder
8 yaşında "Ayaks"un "futbolçu ovçuları" tərəfindən aşkarlanan Uesli Sneyder 17 yaşında klubu ilə peşəkar müqavilə imzalayıb. Bir müddət Amsterdam klubunun aşağı yaş qrupları üzrə komandalarında top qovan futbolçu 2002-ci ildə ilk dəfə baş məşqçi Ronald Koeman tərəfindən əsas heyətə cəlb olunmuşdu. Sonrakı ildə komandanın əvəzedilməzlərindən birinə çevirilən Sneyder Hollandiya tarixinin ikinci ən bahalı futbolçusu olmuş və 27 milyon avroya "Real"a transfer edilmişdi. İspaniya klubunun heyətində 10 nömrəli formanı geyinən Uesli 2009-cu ildə 15 milyon avro qarşılığında "İnter"ə keçmişdi. 2010-cu ildə "İnter"in İtaliya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasını qazanmasında önəmli rol oynayan Sneyder uzaq məsafələrə ara pası atmaq bacarığına görə "Snayper" ləqəbini almışdı. Ötən il "Qalatasaray"a transfer olunan futbolçu karyerası ərzində oynadığı 492 matçda 128 qol vurub və 118 məhsuldar ötürmə edib. Uesli milli komandanın heyətində 26 qol vurub. 29 yaşlı futbolçu 2009/10 mövsümündə UEFA tərəfindən "Ən yaxşı yarımmüdafiəçi" seçlib.
Fanta.az