Pərvin Kazımoğlu
"Millinin baş məşqçisi kim olacaq?" sualı indi hamını düşündürür. Hamı götür-qoy edir, hərə ağzına gələn variantı ortaya atır, AFFA isə susur. Son ana qədər susacaq, hər şey həll olunandan sonra yeni baş məşqçinin adını özünə yaxın mətbuat orqanlarından birinə sızdırıb, rəsmi açıqlama yayacaq. Nə isə, bunu bir tərəfə qoyub, keçək əsas məsələyə...
Yığmanın baş məşqçisi kim olsun? İndi hər kəsi ən çox düşündürən məsələ budu. Millət vəkilindən tutmuş mütəxəssislərə, jurnalistlərdən azarkeşlərə qədər hamı "yerli mütəxəssis" deyir. 6 il əvvəl yerli mütəxəssisi daş-qalaq edənlər indi onların təəssübkeşinə çevirilib. Vaqif Sadıqovu, Şahin Diniyevi az qala "xalq düşməni"nə çevirən bizlər indi onların yığmaya başçılıq etməsini istəyirik.
Kim olacaq yığmanın baş məşqçisi? Qurban Qurbanov? Elə bilirsiz onun sehirli çubuğu var, gələn kimi bizi AVRO-2016-nın qrup mərhələsinə aparacaq? Avropanın ən zəifləri sırasında belə ən zəiflərdən olan komandanı 3 dəfə Avroliqanın pley-off mərhələsinə çıxmaqla, bir dəfə qrupa düşməklə qəhrəmana çevirdiyimiz baş məşqçinin bataqlıqdan çıxaracağına inanırsız? Görün heç Qurban Qurbanov ayağı top tutmayan komandanın baş məşqçisi olmağa razıdımı?
Nazim Süleymanov? Harda gördüz onun məşqçi bacarığını? 30-40 gün işlədiyi "Xəzər Lənkəran"damı, "Neftçi"dəmi, Avroliqanın I təsnifat mərhələsində uduzduğu AZAL-damı, yoxsa Berti Foqtsun oyunları izləmək üçün köməkçi kimi istifadə etdiyi vaxtlarındamı?
Bəlkə Şahin Diniyev? "Tofiq Bəhramov"dakı Serbiya matçında bütün söyüşlərə "qonaq" etdiyiniz məşqçi..."Torba tikən" qəhrəmanlarınızı yığmaya çağırmamışdı deyə qulağına pambıq tıxamağa məcbur etdiyiniz məşqçi...
Ağasəlim Mircavadovmu, Kazbek Tuayevmi, Vaqif Sadıqovmu sizin üçün dəyərli məşqçi olub? Nə baş verdi, indi yerlilər qiymətə mindi?
Azərbaycanlı futbol mütəxəssisi İsgəndər Cavadovdu, Kazbek Tuayevdi. Hansı ki, cəmi bir il əvvəl qorxudan İcraiyyə Komitəsinin iclasında Berti Foqtsun qalmasına 2 əlləri, 2 ayaqları ilə səs verirdilər. Həmin İsgəndər Cavadov ki, özünü "Kurtlar Vadisi"nin məşhur personajı "Böyük İsgəndər" hesab edib, Xorvatiya məğlubiyyətindən sonra AFFA rəhbərliyində dəyişikliklər olmalıdı deyir. Amma kimlərin getməli olduğunu deməyə cəsarəti çatmır. Cəsarətin varsa de ki, Elxan Məmmədov getməlidi, Rövnəq Abdullayev, Elşad Nəsirov, Rauf Əliyev getməlidi. Səndən "Böyük İsgəndər" yox, olsa-olsa "Kiçik İsgəndər" olar...
Kazbek Tuayevdi azərbaycanlı məşqçi? Bir ay əvvəl Foqts haqqında "güldən ağır" söz deməyə cəsarəti çatmayan, Xorvatiya ilə oyundan sonra "vur" əmri gəlib deyə almanı yerdən göyə vuran mütəxəssis... Omu aparacaq bizi AVRO-2016-ya, ya onun idarəçiliyində iştirak etməli olduğu AFFA? İcraiyyə Komitəsinin üzvü kimi iclas çağırıb Foqtsdan, AFFA rəhbərliyindən hesabat tələb etməyə cəsarəti çatmyan bu adamdımı sizin üçün azərbaycanlı mütəxəssis?
Azərbaycanlı mütəxəssis əmr olmadan, icazə verilmədən danışa bilməz. Təqaüdü kəsilər, danlanar, işsiz qalar...
"Yığmada azərbaycanlı futbolçular oynamlıdı" deyənlər - kimdi azərbaycanlı futbolçu? Əfran İsmayılov? Dünən Fotqsa az qala dahi deyən futbolçu bu gün "qəhrəman"lıq edib onu aciz adlandırır, "komandamızda futboldan başqa hər şey var idi", "heç kim bilmirdi ki, millimiz hansı taktika ilə oynayır" kimi açıqlamalar verir. Biz azərbaycanlıların cəsarəti yalnız gedənin dalınca danışmağa çatır. Daldan atılan daş da topuğa yox bəylər, "dal"a dəyər...