Melis millidən qovulmalıdı

Melis millidən qovulmalıdı

Sosial şəbəkələrdə 19 yaşadək qızlardan ibarət yığmanın üzvü Melis Sarıaltının paylaşdığı fotolar aydın səmada şimşək effekti verdi. Xəbəri olmayanların diqqətinə çatdırım ki, millinin və Almaniya “Bayer”inin yarımmüdafiəçisi şənbə günü Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna qarşı keçirilən etiraz aksiyasına qoşulub. Məhz həmin aksiyada əynində sinəsinə “Kurdistan” yazılmış köynək, əlində PKK terrorçularının lideri Abdulla Öcalanın şəkli və tanınmamış Kürdüstanın bayrağıyla şəkillər çəkdirən Sarıaltın “feyzbuk”da “Kobani yalqız deyil” yazmağı da unutmayıb.

Melisin hansı milliyətə mənsub olmasının önəmi yoxdu. Tanrı bütün insanlara eyni gözlə baxırsa, dünyaya gələn körpə öz taleyini yazmırsa, kimisə qınamağa dəyməz. Ancaq AFFA-nın milliləşdirdiyi futbolçunun dünyada terrorun atalarından sayılan Öcalanın şəklini bağrına basması yetərincə ciddi məsələdi. Bəli, Azərbaycan yığmasının üzvü terrorun və qatı cinayətkarın dəstəkçisidi. Melis sadə kürd qızı yox, PKK-ya könül vermiş biridi. O, nümayəndəsi olduğu millətinin doğma ev-eşiyindən  İŞİD tərəfindən didərgin salınmasına, radikal dini qruplaşmanın şiə məzhəbli kürdlərə divan tutmasına  başqa şəkildə təəssüfünü bildirə bilərdi. PKK-nın liderinin şəkli və Kürdüstan bayrağıyla nümayiş isə vəziyyəti qəlizləşdirir...

Azərbaycan erməni terrorunun acısını dadmış ölkədi. Ölkənin idman şərəfini cahanın indiyədək gördüyü ən qatı cinayətkarlardan birini özünə milli lider sayan adamın qoruması sadəcə, rüsvayçılıqdı. Ölkənin rəsmən terror təşkilatı kimi tanıdığı PKK-ya canıyananlıq edən xanımın millimizdə nə işi var? Bu hərəkətiylə dövlətin siyasətinə qarşı çıxan futbolçuya milli formanı geydirənlər PKK-çı xanımı hansı haqla milliləşdirib?

Təbii, lazımsız qızlardan ibarət yığmaların bu məmləkətdə inkişaf etmək perspektivi yoxdu. Yerli xanımların futbolu özünə peşə seçməsinə mentalitet imkan vermir və verməyəcək. Tək-tük ailələr qızının futbolçu olmasına razılaşar ki, belələri də barmaqla sayılacaq qədərdi. Kütləvi maraq yoxdusa, yerlilərin hesabına dirçəlişə inanmaq üçün sadəlöhv olmalısan.Kor tutduğunu buraxmadığı kimi, Elxan Məmmədovun vəzirlik etdiyi qurum da inadından dönmür. Azərbaycana yaxından-uzaqdan bağlılığı olmayanları milliləşdirməklə mübariz kollektiv qurmaq istəyənlər istənilən halda, arzusuna çatmayacaq. Qadın futboluna ayrılan pulları fərqli istiqamətə yönəltmək, ciddi planlar qurmaq lazımdı.

Konkret Sarıaltının kimliyinin üzə çıxmasına gəlincə, burda AFFA məmurlarının günahı daha çoxdu. Assosiasiyada Azərbaycan pasportu alanların kimliyi öncədən araşdırılmırsa, milli forma PKK liderinin qatı tərəfdarına verilirsə, sabah başqa yığma oyunçusu U-19-da qol vurandan sonra (hərçənd AFFA-nın U-19-u nadir hallarda rəqib qapısına yol tapmaq şərəfinə nail olur) üst geyimini çıxarsa, sinəsindəki “QARABAĞ ERMƏNİSTANINDI” yazısını hamı görsə, şəxsən təəccüblənməyəcəm. Şübhəsiz, əqidəsi bəlli Sarıaltın nümayişdə gəzdirdiyi şəkli şərəfini qoruduğu yığmanın hansısa rəsmi matçında da başı üzərinə qaldıra bilərdi. Bax onda üzərinə düşən işi məsuliyyətlə icra etməyənlərin işi fırıq olardı...

Melis millidən dərhal qovulmalı və komandanın digər “mənşəyi bilinməyən məhsullar”ı saf-çürük edilməlidi. Yığmanın formasını hər yoldan ötənə geydirmək gec-tez daha ciddi problemlər yaradacaq. 3 il əvvəldən millidə oynayan, vaxtilə U-17-nin şərəfini qorumuş xanımın atdığı addım AFFA üçün SOS siqnalıdı.

 

Nihat, "Futbol+"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər